Bugün, sentyabrın 6-da «Tərtər işi» üzrə həbsdə olan və tutulduqdan sonra işgəncə nəticəsində öldüyü bildirilən bəzi şəxslərin ailə üzvləri Ədliyyə Nazirliyinin qarşısında piket keçirməyə cəhd göstərib. Şikayətçilər həmin işin ilkin istintaqa qaytarılmasını, işgəncə iddialarına hüquqi qiymət verilməsini və həbsdə olanların azad edilməsini tələb ediblər.
Polis müdaxilə etdikdən sonra piket dayandırılıb. Ədliyyə Nazirliyində şikayətçiləri qəbul edib dinləyiblər.
Amma baş verənlərə, hələlik, Daxili İşlər və Ədliyyə nazirliklərindən münasibət almaq mümkün olmayıb.
«Tərtər işi» üzrə həbsdə olan və tutulduqdan sonra işgəncə nəticəsində öldüyü bildirilən şəxslərin bir qrup ailə üzvü bundan əvvəl də Prezident Administrasiyası və bir sıra başqa qurumların qarşısına toplaşaraq eyni şikayətlərini ifadə ediblər.
Rəsmi qurumlar bu şikayətlərə hər hansı münasibət bildirməyiblər. Amma onlar, bir qayda olaraq, saxlanma yerləri və cəzaçəkmə müəssisələrində işgəncələrin olması ilə bağlı şikayətləri, əsasən, düzgün saymırlar, onları yanlış iddialar adlandırırlar.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xatırlatma
2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yaymışdılar. Onlar Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxsin həbs edildiyini bildirirdilər. Birgə açıqlamada qeyd edilirdi ki, Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.
Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmə zaman işgəncə nəticəsində həlak olduğu ilə bağlı iddialar yayıldı. Baş prokurorluq da həmin iddiaların yer aldığı bəzi sayt rəhbərlərini çağıraraq onlara rəsmi olmayan bu məlumatları yaydıqlarına görə xəbərdarlıq verdilər. Rəsmi qurumlar bu prosesdə nə qədər şəxsin həbs edildiyi, onlardan neçə nəfərin öldüyü və məhkəmə qərarları ilə bağlı hər hansı açıqlama verməyiblər. Məhkəmə prosesləri də, əsasən, qapalı keçirilib.
Hüquq müdafiəçiləri isə iddia edir ki, istintaq zamanı azı 8 şübhəli şəxsin işgəncə nəticəsində öldürülməsinə dair məlumatlar var. Həbs edilənlərin doğmaları isə bildirir ki, sonradan təkrar istintaq zamanı öldürülənlərdən 4 nəfərə bəraət verilib. Onların iddialarına görə, işgəncədə iştirak edənlərdən də məhkəmə qaydasında cəzalandırılanlar var. Habelə, valideynlərin bildirməsinə görə, bəzi hərbi qulluqçulara da ittihamlar üzrə 5 ildən 15 ilə qədər həbs cəzaları verilib.