Ötən il rekord sayda uşaq öldürülüb

Tehranda qaçqın düşərgəsində əfqan uşaq

BMT-nin uşaq agentliyi olan UNICEF sentyabrın 8-də hər il dünyada “zorakı münaqişələr”də öldürülən uşaqları yad edib.

Qurum uşaqlarla bağlı son hesabatında ötən il münaqişə zonalarında 12 mindən çox uşağın öldürüldüyünü bildirirdi.

“İki həftəyə BMT Baş Məclisinə yığışacaq dünya liderləri Uşaq Hüquqları Konvensiyasının 30 illiyini qeyd edəcəklər”, – UNICEF-in icraçı direktoru Henrietta Fore deyib.

Qurumun bildirməsinə görə, hər dörd uşaqdan biri münaqişə, yaxud təbii fəlakət baş verən ölkələrdə yaşayır.

“2018-ci ilin əvvəlində 31 milyonadək uşaq zorakılıq və münaqişə nəticəsində zorla didərgin salınıb. Onlardan 13 milyonu uşaq qaçqınlardır, 17 milyondan çox uşaq isə öz ölkəsində didərgin düşüb”, – BMT-nin hesabatında deyilir.

Silahlı münaqişənin altıncı ilə keçdiyi Ukraynada isə 500 minədək uşağa təcili qoruma və humanitar yardım gərəkdiyi vurğulanır.