Soyuq Müharibə illərində Birləşmiş Ştatlar informasiya aclığı yaşayan Şərqi avropalılar üçün radio xidməti açmışdı. Berlin divarının çöküşündən sonra Azad Avropa/AzadlıqRadiosu (RFE/RL) Macarıstan xidmətini 1993-cü ildə bağladı, kommunizmim iflasını missiyanın tamamlanması hesab elədi.
İndi Birləşmiş Ştatlarin bu xidmətin bərpasını nəzərdən keçirməsi Baş nazir Viktor Orban rejiminə “təhqir” sayıla bilər. Bunu “The New York Times” qəzetində Benjamin Novak yazır.
Müəllif qeyd edir ki, Birləşmiş Ştatların Qlobal Media Agentliyinin bu addımı Macarıstanın azad və açıq hökumətdən uzaqlaşmasını əks etdirir, eləcə də ABŞ Prezidenti Donald Trump-ın bu ölkənin ifrat-sağçı baş naziri ilə yaxınlaşmasına bir zərbədir.
Xidmətin yenidən yaradılmasına Konqres yaşıl işıq yandırmalıdır və bu, sentyabrda baş verə bilər.
“Biz işimizi görmüşük, buna geniş dəstək olduğunu bilirik və hazırda irəliyə doğru getməyə hazırlaşırıq”, – agentliyin rəhbəri John Lansing söyləyib.
Buna da bax: ABŞ Əfqanıstan üzrə xüsusi elçisini geri çağırıb – Qərb mediasıOnun sözlərinə görə, bu xidmətin ilkin büdcəsi 750 min dollar ola bilər və Macarıstanda büro açılacaq. O, xidmətin 2020-ci ilin mayında yaradılacağını, sonrakı bir il ərzində işə düşəcəyini ehtimal edir.
Azad Avropa Radiosunun missiyası “azad mətbuatın olmadığı, yaxud tam yaradılmadığı yerlərə” müstəqil xəbər gətirməkdir.
2010-cu ildə hakimiyyətə qayıdandan bəri cənab Orban, özünün dediyi kimi, “qeyri-liberal” dövlət qurmağa başlayıb. O, səlahiyyətindən istifadə edərək konstitusiyaya, öz partiyasının xeyrinə seçki qanunlarına dəyişikliklər edib, məhkəmənin müstəqilliyinə kölgə salıb. Bu gün Orban-ın müttəfiqləri ictimai mediaya, özəl xəbər mediasına nəzarət edir.
Bu arada Donald Trump Orban ilə münasibətləri sıxlaşdırır. İki lider mayda görüşüb, onda Orban Ağ evə dəvət olunmuşdu. Trump Orban-ın işini alqışlamaqdan da çəkinməyib.
Buna da bax: Honq Konqda məktəblilər canlı zəncir yaratdılarElə ABŞ-ın Budapeştddəki səfiri David Cornstein də Azad Avropa Radiosunun Macarıstana qayıtmasının təsirini azaltmağa çalışır. Trump-ın dostu, vaxtilə Nyu Yorkda zərgərlik məmulatları alverçisi kimi tanınmış Cornstein agentlikdən təminat almağa çalışıb ki, xidmət Macarıstan hökuməti haqda mənfi məlumata, araşdırma jurnalistikasına yer ayırmayacaq, yaxud səfir kimi onun işinə kölgə salmayacaq. Bunu qəzet ABŞ rəsmilərinə istinadla yazır.
Həmin rəsmilər bu məsələ haqda danışmağa səlahiyyətli olmadıqları üçün adlarının çəkilməsini istəməyiblər.
Birləşmiş Ştatların Beynəlxalq Yayım Aktı cənab Cornstein daxil olmaqla Amerika hökumət rəsmilərinin Azad Avropa Radiosunun işinə müdaxiləsini qadağan edir.
“ABŞ hökumətinin bizim redaksiya siyasətimizə müdaxiləsi qanunsuzdur”, – cənab Lansing deyib.
Cornstein isə özəl müzakirələr haqda şərh verilmədiyini deyib. “Bir səfir kimi mən ifadə və mətbuat azadlığı daxil olmaqla Amerikan və demokratik dəyərlərin təbliğinə sadiqəm”, – o, sözlərinə əlavə edib.
Orban-ın hakimiyyətə qayıdışından sonra Macarıstan Dünya Mətbuat Azadlığı İndeksində də geriləyib. Bu indeksi Sərhədsiz Reportyorlar Təşkilatı hazırlayır.