Suriyada 18 nəfər öldürülüb

Suriya, arxiv fotosu

Suriyanın şərqində İranın dəstəklədiyi qüvvələrə və döyüşçülərə raket zərbələri endirilib, 18 döyüşçü öldürülüb. Bunu müharibənin monitorinqini aparan təşkilat bildirir.

Britaniyadan mənzillənən Suriya İnsan Haqları Təşkilatının sentyabrın 9-da yaydığı məlumata görə, naməlum hərbi təyyarələrin gecəyarısı apardığı reydlər İraqla sərhəd yaxınlığındakı Al-Bukamal regionunda baş verib.

Zərbələrin postlara, hərbi maşınlara, silah depolarına endirildiyi, böyük ziyan vurduğu bildirilir.

Qurum ölü sayının arta biləcəyini vurğulayır.

Suriyada “Səs və Şəkillər” adlı daha bir qurum isə raket zərbələrinin İraqın Xalq Səfərbərlik Qüvvələrinin silah deposuna endirildiyini qeyd edib. Bu qrupu İran dəstəkləyir, şiə döyüşçülərdən ibarətdir.

İsrail İranı ən böyük təhdid sayır və son həftələr Suriya, İraq və Livanda İrana bağlı hədəfləri vurduğu bildirilir.

İran Rusiyayla birlikdə Suriyada səkkiz ildir gedən müharibədə Prezident Bashar al-Assad-ı dəstəkləyir.