Sentyabrın 10-da Şimali Koreya dənizə iki raket atıb. Bundan öncə isə Birləşmiş Ştatlarla nüvə diplomatiyasını yenidən başlamağı təklif edib.
Cənubi Koreya ordusu raketlərin Şimali Koreyanın Fyonqan vilayətindən atıldığını, ölkənin üzərindən keçərək şərq sahilində suya düşdüyünü bildirir.
Şimali Koreyanın birinci vitse xarici işlər naziri Choe Son Hui sentyabrın 9-da deyib ki, Vaşinqton nüvə danışıqlarının bərpasına yeni yanaşma tutmasa, tərəflər arasında razılaşmaların sonu çatar.
AP və Reuters Choe-yə istinadla yazırlar ki, Vaşinqton Şimali Koreyanı qane edən yeni təkliflər irəli sürməlidir.
ABŞ Prezidenti Donald Trump Pxenyanın açıqlamasını “maraqlı” adlandırıb.
Trump administrasiyası rəsmisinin daha sonra bildirməsinə görə, Vaşinqton Şimali Koreyanın atdığı raketlərdən xəbərdardır.
Trump Şimali Koreya lideri Kim Jong Un-la iyunda görüşüb. O vaxtdan Pxenyan bir neçə raket sınağı keçirib.