Dünyanın ‘ən çox senzura’ olan ölkələri

İllüstrativ foto

Türkmənistan, İran və Belarus dünyada mətbuat senzurası olan 10 ölkə sırasındadır. ABŞ-da mənzillənən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) yeni hesabatında belə deyir.

Sentyabrın 10-da açıqladığı hesabatda qurum bildirir ki, bu ölkələrin repressiv hökumətləri “müstəqil medianı susdurmaqdan ötrü ənənəvi metodlarla yanaşı təkmil rəqəmsal senzura və nəzarətə də əl atır”.

Senzura formaları

Bu ölkələrdə hakimiyyət müstəqil medianı qadağan edir, yaxud kəskin şəkildə məhdudlaşdırır, jurnalistləri “həbs, rəqəmsal və fiziki nəzarət, qısnamanın digər formaları” ilə qorxudaraq susdurmağa çalışır.

“Özünüsenzura geniş yayılıb”, – qurum bildirir.

Buna da bax: İranlı rejissor: 'Senzura evin içində başlayır'

Siyahının başında gedən üç ölkədə – Eritreya, Şimali Koreya və Türkmənistanda media “dövlətin ruporu kimi çıxış edir, müstəqil jurnalistika mühacirətdən gerçəkləşdirilir. Ölkəyə buraxılan azsaylı əcnəbi jurnalistlərə ciddi nəzarət olunur”, – CPJ vurğulayır.

Türkmənistanda Prezident Gurbanguly Berdymukhammedov “media daxil olmaqla, həyatın bütün sferalarına tam nəzarət edir… ondan şəxsiyyətinə pərəstişin təbliğindən ötrü yararlanır”, – hesabatda deyilir.

İran, Səudiyyə Ərəbistanı və Çin isə “jurnalistləri və ailə üzvlərini həbs etdirir və qısnayır, internet və sosial media üzərində rəqəmsal monitorinq və senzura tətbiq edir”.

Siyahıdakı digər ölkələr Ekvatorial Qvineya, Belarus və Kubadır.

Buna da bax: ‘Media repressiyasının yeni formaları’ yaranıb

Belarus hakimiyyəti “mediaya tam nəzarət edir; azsaylı müstəqil jurnalist və bloqqer isə qısnamaq və saxlanmayla üzləşir”, – CPJ bildirir.

Təşkilat qeyd edir ki, bu siyahı yalnız hökumətin mediaya sıx nəzarət etdiyi ölkələri əhatələyir.

Suriya, Yəmən və Somali kimi müharibə gedən ölkələrdə jurnalistlərin üçün şərait “xeyli çətindir, ancaq bu, yalnız hökumət senzurasıyla bağlı deyil”, – hesabatda deyilir.