Bu ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin 2018-ci ilin eyni dövrünə nisbətən 2.6 faiz bahalaşdığı bildirilir.
Bu barədə bu gün, sentyabrın 10-da Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda yazılıb.
Məlumatda qeyd edilir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3.3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1.3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri də 2.7 faiz artıb.
DSK bildirib ki, bu ilin avqustunda iyula nisbətən istehlak məhsulları və xidmətlər 0.3 faiz ucuzlaşıb: «O cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0.8 faiz ucuzlaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0.1 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb».
Amma müstəqil ekspertlər, bir qayda olaraq, Azərbaycanda rəsmi rəqəmlərə şübhə ilə yanaşırlar. Onların fikrincə, bu il inflyasiya reallıqda daha yüksək olub.