İ.Əliyev AŞPA prezidentini qəbul edib

Lilian Mori Paskye

Azərbaycan və AŞPA prezidentləri insan haqlarından danışıblar

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 12-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti xanım Lilian Mori Paskyenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, söhbət zamanı Azərbaycan-Avropa Şurası əməkdaşlığının müxtəlif aspektləri geniş müzakirə edilib.

Eyni zamanda, Azərbaycanın Avropa Şurası çərçivəsində mövcud olan konvensiyalara qoşulması və bu istiqamətdə ölkənin qanunvericiliyinin uyğunlaşdırılması məsələlərinə toxunulub.

Görüşdə Azərbaycanda insan haqlarının qorunması və demokratik inkişafla bağlı məsələlərin də müzakirə edildiyi bildirilir.

AŞPA prezidenti hüquq müdafiəçiləri ilə görüşüb

Bugün, sentyabrın 12-də Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskye bir qrup hüquq müdafiəçisi ilə görüşüb.

Bu barədə məlumatı hüquq müdafiəçisi Arzu Abdullayeva verib. Onun sözlərinə görə, AŞPA prezidenti bu görüşü çox yüksək dəyərləndirib. «Rəsmilərlə görüşdən öncə bu görüşü çox vacib saydım və sizlərlə görüş zəruri idi», - hüquq müdafiəçisinin sözlərinə görə, AŞPA prezidenti qeyd edib.

A.Abdullayeva deyib ki, görüş Azərbaycan ictimaiyyətini narahat edən Qarabağ məsələsindən tutmuş, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə kimi geniş spektri əhatə edib.

Hüquq müdafiəçisinin vurğulamasına görə, ölkədə həbslərə də toxunulub. Onun qeyd etməsinə görə, prezidentin diqqətinə çatdırılıb ki, siyasilərin uzunmüddətli həbsləri az olsa da, inzibati həbslər artıb.

A.Abdullayevanın sözlərinə görə, ötən il Gəncə icra başçısına sui-qəsd və sonrakı proseslərdə həbs edilənlərin məsələsinə də toxunulub. Onun vurğulamasına görə, AŞPA prezidentinin nəzərinə çatdırılıb ki, Gəncə hadisələrində bir çox həbs edilənlərə baxanda, onlarla saxlandıqdan sonra qeyri-insani rəftar edənlərin günahı daha çox olub.

A.Abdullayeva deyib ki, habelə qeyri-hökumət təşkilatları ilə bağlı mövcud qanunvericilik də tənqid edilib.

Görüşdə hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Əvəz Həsənov, Mehriban Zeynalova, bloqer Mehman Hüseynov, vəkil Əshabəli Mustafayev və başqa şəxslər iştirak ediblər.

Rəsmi qurumlar isə saxlanma yerləri, habelə cəzaçəkmə müəssisələrində işgəncə və pis rəftarla bağlı deyilənləri qəbul etmirlər.

AŞPA prezidentinin səfərində olanlar

Sentyabrın 11-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti xanım Lilian Mori Paskyeni qəbul edib.

Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirildiyinə görə, görüşdə vurğulanıb ki, Azərbaycan AŞPA ilə hərtərəfli əlaqələrin dərinləşməsinə böyük önəm verir. «Təəssüf ki, bəzən müəyyən anlaşılmazlıq və ermənilərin məqsədlərinə xidmət edən lobbiçilik fəaliyyəti göstərən bir sıra deputatların qərəzli hərəkətləri ucbatından qurumda bir sıra məsələlərə ikili standartlarla yanaşmanın şahidi oluruq. Biz inanırıq ki, gələcəkdə belə xoşagəlməz hallar aradan qalxacaq...», - O.Əsədov bildirib.

Milli Məclisin sədri habelə deyib ki, Azərbaycanda bütün istiqamətlər üzrə islahatlar uğurla davam etdirilir. «Ölkədə imzalanmış 65 əfv sərəncamına və 11 amnistiya aktına uyğun olaraq, 40 min nəfər məhkum cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıb. Azərbaycan prezidentinin cari ilin martında imzaladığı əfv fərmanı 431 nəfərə şamil olunub», - o qeyd edib.

Konfransda

«Azərbaycanın Avropa Şurasındakı üzvlüyü birliyimizin mühüm cəhətidir. Məhz buna görə də Avropa Şurasının 70 illiyini Bakıda qeyd edirik».

«Report»un xəbərinə görə, bu fikirləri də Lilian Mori Paskye Avropa Şurasının 70 illiyi münasibətilə Bakıda keçirilən «Hüquqlarımız, azadlıqlarımız, bizim Avropa» adlı konfransın açılışındakı nitqində bildirib.

Avropa Şurası ölkələrinin İnsan Hüquqları Konvensiyasını milli səviyyədə həyata keçirmələrinin əhəmiyyətinə toxunan qonaq Bakıda keçirilən tədbiri bu məsələlərin müzakirəsi üçün əlverişli platforma kimi səciyyələndirib. Qonaq Azərbaycan hökumətini Avropa Şurasının qadınlara qarşı zorakılıqla mübarizəyə dair İstanbul konvensiyasına qoşulmağa çağırıb.

Həmin konvensiya 2014-cü ildə qəbul edilib.

+++

Sentyabrın 11-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskye Azərbaycana gəlib.

İki gün davam edəcək səfər müddətində AŞPA prezidentinin Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirməsi nəzərdə tutulur.

AŞPA prezidentinin sentyabrın 11-i günün ikinci yarısında Bakıdakı Azərbaycan-Fransa Universitetində Avropa Şurasının 70 illiyi münasibətilə təşkil olunan «Bizim hüquqlarımız, bizim azadlığımız, bizim Avropa» adlı konfransa da qatılması gözlənir.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Bu quruma üzv olarkən Azərbaycan üzərinə bir sıra öhdəliklər götürüb. Bura azad seçkilər, insan hüquqları, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və başqa məsələlər daxildir. Azərbaycan bu qurumun hələ də monitorinqi altındadır.