Yaxın Şərq ölkələri İsrailin Baş naziri Benjamin Netanyahu-nun İordan çayının qərb sahilində bəzi hissələri ilhaq planından əndişələniblər.
Netanyahu sentyabrın 10-da deyib ki, seçkini udarsa, İordan vadisini ilhaq edəcək. İsrail Qərb sahildə bu böyük ərazini 1967-ci ildə ələ keçirib və fələstinlilər də bu vadini gələcək dövlətlərinin bir hissəsi hesab edirlər.
"Yeni işğal"
İordaniyanın Xarici işlər naziri Ayman Safadi Twitter-də yazıb:
“Seçki məqsədləri üçün sülhün bütün imkanlarını məhv etmək məsuliyyətsizlik, təhlükəlidir. beynəlxalq ictimaiyyət işğalı möhkəmləndirmək cəhdlərini rədd etdiyini bildirməlidir”.
Buna da bax: ABŞ-ın Kremldəki casusu nə öyrənə bilərdiÇərşənbə günü toplantı keçirən İordaniya hökuməti belə bir addımın “regionda sülh və təhlükəsizlik, sabitlik üçün fəlakətli nəticələri” ilə bağlı xəbərdarlıq edib.
Ərəb Liqası “bu açıqlamanı təhlükəli hadisə, İsrailin beynəlxalq hüququ pozmaq niyyətini elan etməklə yeni işğal” adlandırıb.
Bəhreyn, Qətər, Türkiyə, Suriyanın xarici işlər nazirləri də İsrailin açıqlamasını pisləyiblər.
Livanın İranın dəstəklədiyi Hezbollah qrupu bu qərarı Fələstin xalqına qarşı təcavüz hesab edir.
“Fələstin torpağının hamısına Fələstin xalqının hüququ çatır və düşmənin nə etməsindən asılı olmayaraq, bu hüquq dəyişməyəcək”, – qruplaşma bildirib.
Buna da bax: Putinin partiyası Moskvada uduzdusa..."İsrail özünü qəbul etdirəcək"
Qətər Universitetinin təhlilçisi Majed al Ansari agentliyə deyib ki, amerikalıların, Qətərin, yaxud başqa bir ölkənin vasitəçiliyi barədə düşüncələri indi bu qərar əngəlləyir.
“İsrail tərəfi çox aydın şəkildə bildirir ki, istənilən sülh sazişində maraqlı deyil... hal-hazırda onlar Fələstin torpaqlarını kəsməkdən məmnun qalırlar”, – təhlilçi vurğulayıb.
Birləşmiş Ərəb Əmirliklərindən politoloq Abdulkhaleq Abdulla-nın fikrincə, bu gün İsrail Körfəzə daha çox kömək əlini uzadır, nəinki Körfəz İsrailə. “Bu gün qarşımızda İran kimi təhdid qalınca, İsrail onlara hələ çox şey təklif edə bilər. İran orada olduqca, İsrail özünü Ərəb körfəz ölkələrinə qəbul etdirəcək”, – o vurğulayıb.
Yaxın Şərq Siyasəti üzrə Vaşinqton İnstitutunda Ərəb-İsrail münasibətləri layihəsinin direktoru David Makovsky Twitter-də yazıb: “Netanyahu-nun daha geniş ilhaqla bağlı dedikləri əhalinin azad olunmasını mümkünsüz edir, İsrail iki xalq üçün bir dövlətə çevrilir. Bu, həqiqətən də yaşayış məntəqələrinin hamısını ilhaq edir... bu, İsrailin yəhudi/demokratik ölkə missiyasına zərbə vurur”.