“Avtoritar sistemin tam nəzarət etdiyi seçkidə ona meydan oxumaq çətin məsələdir. Ancaq moskvalılar ötən bazar günü bunu bacardılar, Prezident Vladimir Putinin Vahid Rusiya partiyasının şəhərin qanunverici şurasında iştirakını azaltmağa nail oldular; əsas namizədlərindən çoxunu alçaldıcı məğlubiyyətə uğratdılar; Demokratik Rusiya bloku 1999-cu ildə şəhər şurasına seçkidə Kommunist Partiyasını sıxışdırandan bəri Moskvaya ən böyük seçki şokunu yaşatdılar. Müxalifət bunu namizədlərinin çoxunun seçkiyə butaxılmadığı, məhkəmə kameralarından seçki mesajları verdiyi şəraitdə bacardı”. Bunu “The Washington Post” qəzetində rusiyalı demokratiya fəalı, müəllif və kinorejissor Vladimir Kara-Murza yazır.
Müəllif əvvəllər Moskva Şəhər Dumasına seçkilərin nadir hallarda diqqət çəkdiyini vurğulayır. 2017-ci ildən durum dəyişib, yüzlərlə demokratik fəal bələdiyyə şuralarına yer alaraq şəhər siyasətində mövqe qazanmağa başlayıb. Bu ilsə müxalifətin irəli sürdüyü namizədlərin ciddi qələbə qazanmaq şansı olub. Seçkidən öncə Levada Mərkəzinin keçirdiyi sorğuda müxalifətçi, bələdiyyə sədri Ilya Yashin hökumətyönlü opponentini 28 faizlə qabaqlayırdı (33 vs. 5 faiz).
Buna da bax: ABŞ-ın Kremldəki casusu nə öyrənə bilərdi“Kreml bir əsr boyunca Kommunist Rusiyasının siyasətini formalaşdırmış şəhərdə müxalifətin güclü iştirak ehtimalı ilə üz-üzəydi. Tarixi paralellər də yaxşı bir şey vəd eləmirdi: Serbiyadan tutmuş Gürcüstanadək postkommunist ölkələrinin çoxunda paytaxt şəhərlərdə müxalifətin qələbəsi ölkə səviyyəsində dəyişikliyə yol açıb.
Bu risk yüksək görünürdü və hakimiyyət riskə getməməyə qərar verdi: Yashin daxil olmaqla müxalifət namizədlərinin çoxu seçkiyə buraxılmadı; çoxu kampaniya dövrünü həbsdə keçirdi; dinc nümayişləri çevik polis alayı və Milli Qvardiya qəddarlıqla dağıtdı”, – müəllif yazır.
Ancaq müxalifətçi Alexei Navalny və Anti-korrpsiya Fondu “smart səsvermə” adlı taktika təklif etdi. İdeya rejimi dəstəkləyən namizədlərin əleyhinə siyahıdakı digər namizədlərə səs vermək idi. Moskvalılar da belə etdilər. Sonucda Moskva Dumasındakı 45 yerin 20-ni hökumət namizədlərinin opponentləri qazandılar.
Buna da bax: İordan vadisinin ilhaqı hədəsi Yaxın Şərqi təlaşlandırıb – Qərb mediasıƏn gülməli nəticə Moskvanın şimalında qeydə alınıb. Müxalifətin namizədi Alexander Soloviev seçkiyə buraxılmayıb və həbs olunub. Onun opponentləri arasında seçilmək şansını azaltmaq üçün ortaya atılmış, siyasətdə maraqlı olmayan mühəndis Alexander Soloviev olub. Müxalifət taktiki gediş kimi onu dəstəkləyib və mühəndis seçki kampaniyası aparmadan onu udub. “Yoldaşlar, özünüzün ortaya atdığı namizədə belə uduzdunuz”, – “əsl” Soloviev həbsxana kamerasından yazıb.
“Moskvada seçkinin nəticəsi hakim partiyanın ‘populyarlığı’na inanan hər kəsin gözünü açmalıdır. Hətta seçkidə əsl alternativ olmadan belə, seçicilər Vahid Rusiya partiyasının namizədindən başqa istənilən şəxsi dəstəklədilər. Rusiya siyasəti Moskvadan qaynaqlanır. Görünən odur ki, paytaxt artıq Putinin partiyasını rədd edib. Ölkənin bu yolla gedişi isə yalnız zaman məsələsidir”, – Vladimir Kara-Murza yazır.