Azərbaycan-Rusiya biznes forumunda nələr oldu

Biznes

Sentyabrın 12-də Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilib. Forum Rusiyanın Sverdlovsk vilayəti nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə gerçəkləşib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən sənaye, nəqliyyat-logistika, kənd təsərrüfatı, tikinti, təhsil, səhiyyə, informasiya-kommunikasiya texnologiyaları və başqa sahələrdə fəaliyyət göstərən 120-dən çox işadamı iştirak edib.

AZƏRTAC-ın xəbərinə görə, iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov qeyd edib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Onun sözlərinə görə, Rusiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət əlaqələrinin təxminən yarısı Azərbaycanın payına düşür: «Azərbaycanda 700-dək Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Ölkələrimiz arasında uğurlu investisiya əməkdaşlığı həyata keçirilir. Rusiya şirkətləri Azərbaycan iqtisadiyyatına 4.7 milyard ABŞ dolları sərmayə yatırıb. Azərbaycanın Rusiya iqtisadiyyatına investisiyası 1.2 milyard dollar təşkil edir».

Bu tədbir çərçivəsində Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə Sverdlovsk vilayətinin «VINAZ» Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əməkdaşlığa dair memorandumlar imzalanıb.

Habelə, Azərbaycanda Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası və Sverdlovsk vilayətinin «TEN» şirkətlər qrupu arasında da eyni sənəd imzalanıb.