Udmurt alimlə vida mərasimi keçirilib

Albert Razin

Rusiyanın İjevsk şəhərində ölkənin dil siyasətinə etiraz olaraq özünü yandırmış udmurt alim Albert Razin-lə vida mərasiminə yüzlərlə adam qatılıb.

Sentyabrın 12-də İjevskdə Udmurt Milli Teatrına toplaşanlar arasında udmurt mədəniyyət və dil fəalları, Udmurtiyanın Mədəniyyət naziri Vladimir Solovyov, İjevsk şəhər şurasının spikeri Oleg Garin də olub.

Razin sentyabrın 11-də region parlamenti qarşısında özünü yandırandan sonra dünyasını dəyişib.

Yerli rəsmiləri jurnalistləri “spekulyasiyanı önləməkdən ötrü vida mərasimini işıqlandırmamağa” çağırıb.

Udmurt mədəniyyət və dilini təbliğ edən qrup isə yerli hakimiyyəti Razin-in şərəfinə milli matəm elan etməyə çağırıb. ​

Buna da bax: Qalmaqallı ‘ana dili’ qanunu Dumadan keçdi

“Udmurt xalqının qəhrəmanı”

“Özünü qurban verməklə Albert Razin Rusiya və bütün dünyanı udmurt dilinin fəlakətli durumuna diqqət ayırmağa, onu xilas etməyə, qorunması üçün hər cür şəraiti yaratmağa çağırıb. İndi biz Udmurt dilinin problemlərinə göz yummağa, onun ölümünə laqeyd qalmağa davam edə bilmərik”, – fəallar VKontakte sosial şəbəkəsində yazıblar.

Qonşu Çuvaşiya və Başqırdıstandan yerli dil fəalları Razin-in qohumlarına, dostlarına və Udmurtları hamısına başsağlığı verib, onu “Udmurt xalqının qəhrəmanı” adlandırıb.

Razin-in dostu Andrei Perevozchikov deyib ki, alimin vəsiyyətinə uyğun olaraq cəsədi kremasiya olunacaq və külü Udmurtiyadakı doğma Alnaş rayonuna səpələnəcək.

Fəlsəfə doktoru və udmurt fəalı olan Razin bir qrup yerli ekspertlə birlikdə Udmurtiya parlamentinə açıq məktub yazaraq sözügedən qanun layihəsini dəstəkləməməyə çağırmışdı.

Məktəblərdə “yerli dillər”in tədrisi qanunu ölkənin etnik azlıqlarından çoxunun təmsilçilərini qəzəbləndirib.

Rusiya Dövlət Dumasının ötən il təsdiqlədiyi bu qanun Rusiyanın qeyri-rus etnik qruplarının yaxşı təmsil olunduğu region və respublikalarında yerli dillərin məcburi tədrisinin dayandırılmasını nəzərdə tutur.

Həmin regionlardan etniklərin şikayətlərinə cavab olaraq Prezident Vladimir Putin 2017-ci ildə demişdi ki, uşaqlar ana dilləri olmayan dilləri öyrənməyə məcbur edilməməlidirlər.

Udmurt dili fin-uqor dilləri ilə yanaşı Ural dilləri qrupuna daxildir.

Bu dildə danışanların sayı 2002-ci ildə 463 min, 2010-cu ildə isə 324 min nəfər olub.

Udmurt icmasının təxminən 560 min üzvü var, əsasən Volqa regionu, Qazaxıstan və Estoniyada yaşayırlar.