İran Suriyaya neft satmamaq vədini ‘pozub’

Adrian Darya 1

İranın Adrian Darya 1 tankerinin Suriyaya neft çatdırması xəbəri yayılandan sonra Birləşmiş Ştatları İranı “vədlərini” pozmaqda ittiham edib. Açıqlamanı Dövlət Departamenti sentyabrın 12-də yayıb.

Əvvəl Grace 1 adını daşıyan gəmi Britaniyaya məxsus Cəbbərültariqdə bir müddət saxlanıb, Avropa Birliyinin sanksiyalarını pozaraq Suriyaya getməmək vədi verəndən sonra buraxılıb.

“Bu, İran rejiminin 40 ildir söylədiyi yalan şəbəkəsinə daxildir”, – Departamentin sözçüsü Morgan Ortagus Vaşinqtonda jurnalistlərə deyib.

Adrian Darya 1 gəmisinin Suriyaya neft çatdırmasına Birləşmiş Ştatlarda dəlil varmı? Bu suala cavabında Ortagus “Deməzdim ki, yoxumuzdu” cavabını verib.

Britaniya da sentyabrın 10-da İranı vədini pozmaqda suçlayıb.

İranın səfiri Hamid Baeidinejad Britaniyanın Xarici İşlər Nazirliyinə çağrılıb. O, Tehranın vədini pozmadığını, tankerin neftini özəl bir şirkətin aldığını söyləyib.

“Satışın son məkanını” özəl alıcı müəyyənləşdirir, Baeidinejad deyib.

İranın Xarici İşlər Nazirliyi sentyabrın 9-da bildirib ki, Adrian Darya 1 tankeri nefti adı açıqlanmayan məkana çatdırıb.

Birləşmiş Ştatlar ötən il Tehranla 2015-ci il nüvə sazişindən çıxaraq İrana sanksiyaları bərpa edib.