Sentyabrın 14-də Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənir. Lakin səhər yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyinin əsəcəyi, gündüz onun mülayim cənub küləyi ilə əvəzlənəcəyi təxmin edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 17-21, gündüz 24-27, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti proqnozlaşdırılır.
Azərbaycanın əksər rayonlarında da bir elə yağıntı gözlənmir. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda yağış yağacağı ehtimalı var. Gecə 13-18, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 10-15 dərəcə isti təxmin edilir.