Büdcədə Neft Fondundan transfert artır

Büdcə. Karikatura

Azərbaycanda 2020-ci ildə dövlət büdcəsinin xərcləri 25 mlrd. 617.7 mln. manat proqnozlaşdırılır.

Bu barədə bugün, sentyabrın 13-də Maliyyə Nazirliyinin açıqladığı məlumatda bildirilir. Bu da 2019-cu ilin təsdiq edilmiş eyni göstəricisi ilə müqayisədə 427.7 mln. manat çoxdur.

2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 mlrd. 484 mln. manat məbləğində proqnozlaşdırılır. Bu isə bu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 mlrd. 316 mln. manat və ya 5.7 faiz artıqdır.

Layihəyə görə, Dövlət Neft Fondundan transfert 11 mlrd. 767.5 mln. manat (57 faiz) təşkil etməlidir. Bu ilin büdcəsində Neft Fondundan transfertin məbləği də bundan az, 11 mlrd. 364.3 mln. manat müəyyənləşdirilib.

Buna da bax: 'Neft Fondu ictimaiyyəti necə aldadır...' - Media icmalı

Sentyabrın 9-da Maliyyə Nazirliyində kollegiya iclası keçirilmişdi.

Nazirlikdən verilən məlumata görə, iclasda 2020-ci ilin icmal və dövlət büdcəsi layihəsinin bəyənilərək Nazirlər Kabinetinə göndərilməsi haqqında qərar verilmişdi. Amma onda büdcənin əsas parametrləri açıqlanmamışdı.

Budcə layihəsində neftin qiymətinə gələndə isə açıqlamada belə yazılıb:

“...Maliyə Nazirliyi 2020-ci ilin icmal və dövlət büdcəsi layihələrini hazırlayarkən ortamüddətli xərclər çərçivəsi prinsplərini əsas götürüb. Bununla əlaqədər 2020-2023-cü illər büdcə gəlirlərinin hesablanmasında əsas götürüləcək neftin bir barrelinin qiyməti (55 ABŞ dolları), habelə büdcə qaydasına müvafiq olaraq icmal büdcənin yuxarı hədləri müəyyən edilib və ... 2020-2023-cü illər üzrə dövlət büdcəsi xərcləri hesablanıb”.

2019-cu ilin büdcəsində isə neftin bir bareli 60 dollar götürülüb. Hazırda neftin bir bareli 60 dollardan bir qədər bahadır.