Ukrayna Milli Bankının keçmiş sədri ötən gecə Kiyev kənarındakı evinin yandırıldığını deyir.
Valeria Hontareva AzadlıqRadiosu-na (RFE/RL) Londondakı evindən danışıb. O deyib ki, sentyabrın 17-nə keçən gecə Horeniçi kəndindəki evinə Molotov kokteyli atılıb. Hontareva yanğın zamanı evdə heç kəsin olmadığını, ərazidəki mühafizəçinin polisə xəbər verdiyini söyləyib.
Facebook-da yaydığı bəyanatda Prezident Volodymyr Zelenskiy Hontareva-nın evinin yandırılmasını “qəddar cinayət” adlandırıb, hüquq mühafizə orqanlarının bu işi araşdırmağı prioritet etməli olduğunu vurğulayıb.
Daxili işlər naziri Arsen Avakov Twitter-də hadisəni “qəbuledilməz” adlandırıb.
Avakov yanğın arxasında siyasi motivi istisna etməyib. O, yanğının Beynəlxalq Valyuta Fondu üzvlərinin Kiyevə səfərilə üst-üstə düşməsinə diqqət çəkib.
Hontareva və ailəsi son aylar bir neçə təhdidə və zorakı insidentə məruz qalıb. O, AzadlıqRadiosu-na deyib ki, bu hadisələrin bir-birilə bağlı olduğunu düşünür, ukraynalı maqnat Ihor Kolomoyskiy daxil olmaqla opponentləri onun izinə düşüblər. Keçmiş bankir bunu Ukrayna Milli Bankının rəhbəri olduğu dönəmdə, 2016-cı ildə PrivatBank-ı milliləşdirmək qərarıyla izah edib.
Bu bankın sahibi Kolomoyskiy idi, bankda 5,5 milyard dollar nağd pul qıtlığı aşkarlanandan sonra milliləşdirildi.