Komitə sədri internetə nəzarətdən danışıb

R.Hüseynov

Bugün, sentyabrın 17-də Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib.

«Report»un xəbərinə görə, komitənin sədri Rafael Hüseynov internetə nəzarət mexanizminin vacibliyindən danışıb: «Qanunla nəzarət edə bilmədiyimiz ayrı şəbəkə - internet var. İnternetdəki zərərli informasiyalar uşaqların psixikasını pozur, onlarda zərərli vərdişlər yaradır. İnformasiya, söz azadlığı olsun, amma ona nəzarət mexanizmi də olmalıdır».

O qeyd edib ki, internet vasitəsilə cəmiyyətə böyük faydalar vermək olar: «Digər tərəfdən, onun təhlükəsi də var. Bu istiqamətdə çox düşünmək lazımdır. Demirəm ki, ciddi nəzarət mexanizmləri olsun. Amma nəzarət mexanizmləri olmalıdır ki, onun hesabına ən azından uşaqları qorumaq mümkün olsun».

Xatırlatma

Son vaxtlar internet və sosial şəbəkələrlə bağlı oxşar açıqlamalar hakimiyyət rəsmilərinin dilindən tez-tez eşidilməkdədir.

Müxalif partiya təmsilçilərinin fikrincə, bütün bunlar gerçəklikdə hakimiyyət rəsmilərinin tənqidi fikirləri buxovlamaq niyyətindən irəli gəlir.