ABŞ-ın Ədliyyə Departamenti Milli Təhlükəsizlik Agentliyinin (NSA) keçmiş əməkdaşı Edward Snowden-i məhkəməyə verib, onun yeni dərc olunmuş memuarının federal hökumətlə imzaladığı konfidensiallıq sazişlərini pozduğunu bildirir.
ABŞ hökuməti “Şəxsi iş” adlı kitabın “bütün gəlirlərinin tutulmasını” istədiyini, eyni zamanda məhkəmə iddiasının kitabın yayılmasını məhdudlaşdırmaq məqsədi daşımadığını bildirir.
Mülki iddiada keçmiş əməkdaşın Nyu Yorkdakı naşiri Macmillan-ın da adı çəkilir.
İddiada deyilir ki, Snowden kitabın dərci üçün NSA və MKİ-dən razılıq almalıydı, buna görə də konfidensiallıq sazişlərini pozub.
NSA-nın siyasətinə görə, indiki və keçmiş əməkdaşlar, eləcə də müqavilə ilə çalışanlar hökumət üçün işlədikləri dönəmdə əldə olunmuş informasiyanı yaya bilməzlər.
Snowden-in vəkili Ben Wizner deyib ki, kitabda açıq domendə olmayan hökumət sirri yoxdur.
Hazırda Snowden ABŞ-ın Casusluq Aktı çərçivəsində NSA-dan 1,5 milyon gizli sənədi sızdırmaqda ittiham olunur. Bu sənədlər agentliyin bəzi proqramlarının qanuniliyi, gizlilik sarıdan narahatlıq, ABŞ-ın qonşularını izləməsi məsələləri üzrə ictimai müzakirəyə səbəb olub. Təqsirli bilinərsə, Snowden 30 ilədək həbsə məhkum edilə bilər.