Xəzərlə bağlı katiblik təsis ediləcək

Xəzər

Sentyabrın 17-də Azərbaycan ilə İran arasında Xəzər dənizi (gölü) məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.

Görüş Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) gerçəkləşib.

Bu qurumun mətbuat xidmətinin məlumatına görə, məsləhətləşmələrdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini, prezidentin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, İran tərəfini isə Xarici İşlər Nazirliyinin Baş idarə rəisi Rza Nəzər Ahari təmsil edib.

Görüş zamanı tərəflər, ilk növbədə, Xəzər dənizində ətraf mühitin mühafizəsi haqqında Çərçivə Konvensiyasının Katibliyinin təsis olunması ilə əlaqədar məsələni müzakirə ediblər.

2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında hüquqi statusa dair Konvensiya imzalanıb.

Konvensiyaya əsasən, Xəzərin su səthində hər bir dövlətin 15 mil məsafədə milli zonası, 10 mil məsafədə balıqçılıq zonası müəyyən olunur. Qalan hissələr isə gəmiçilik və digər məqsədlər üçün ümumi nəzərdə tutulur.

Konvensiyada Xəzər dənizində gəmiçilik məsələləri, habelə tərəflərin bir-birinə xələl gətirməyən hərbi balansının qorunması əsas götürülüb.

Ekspertlər hesab edirlər ki, Konvensiya bütün mübahisələrə son qoymayıb.

Xatırlatma

1992-ci ildən Xəzərin hüquqi statusu barədə konvensiya ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxtərəfli görüşləri başlayıb. Xəzərin hüquqi statusuna dövlətlər milli maraqlarından çıxış edərək yanaşıb.

1998-ci ilin iyulunda Moskvada Rusiya ilə Qazaxıstan arasında «Xəzərin şimal hissəsinin dibinin bölünməsinə dair Birgə Saziş» imzalanıb.

2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında «Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi» haqqında üçtərəfli saziş imzalanıb.

Xəzər dənizi ilə Türkmənistanın 1200 kilometrlik sahil xətti mövcuddur. Türkmənistan 2005-ci ildən Xəzər dənizinin orta xətt boyunca bölünməsini təklif etsə də, Azərbaycanla bır sıra istiqamətlərdə razılıq əldə edə bilməyib. Türkmənistan tərəfi iddia edir ki, Xəzər orta xətt prinsipi ilə bölünməlidir və bu dövlətlər arasında sərhəd rolunu oynamalıdır. Aşqabad hesab edir ki, Xəzərin Türkmənistanla Azərbaycan arasında bölünməsi zamanı Abşeron yarımadası və Çilov adası nəzərə alınmamalıdır. Azərbaycan tərəfi bu prinsiplə razılaşmır.

İran isə 1921 və 1940-cı illər müqaviləsinə əsaslanaraq Xəzər dənizinin tərəflər arasında 20 faiz üzrə bərabər bölüşdürülməsini tələb edir. O, Xəzər dənizinin quru sərhədlərindən başlayaraq dövlətlər arasında orta xətt boyunca bölüşdürülməsinin qəti əleyhdarıdır. Digər 4 Xəzəryanı dövlət onun bu mövqeyini dəstəkləmir. İran da, Rusiya kimi, xarici ölkələrin hərbi gəmilərinin Xəzər dənizində hərəkət etməsinin qadağan olunmasını dəstəkləyir.

Bununla yanaşı, tərəflər Xəzərin ekologiyası, su səthindən ümumi istifadə, onda terrorizm və qaçaqmalçılıqla birgə mübarizə ilə bağlı razılıqlar əldə ediblər.