İ.Rəhimov yenidən aclığa başladığını açıqlayıb

İ.Rəhimov

realliq.info saytının həbsdə olan təsisçisi və redaktoru İkram Rəhimov sentyabrın 18-dən yenidən aclıq aksiyasına başladığını bildirib.

Bu barədə onun kütləvi informasiya vasitələrinə müraciətində qeyd edilib.

İki gün əvvəl, sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində onun həbs müddəti 5 il 6 aydan 3 ilə endirib.

İ.Rəhimov isə qeyd edib ki, tam bəraət almasını istəyir. O iddia edib ki, aldadılıb. Onun sözlərinə görə, bundan əvvəl Apellyasiya Məhkəməsində işinə obyektiv baxılacağı vədi verilmişdi və buna görə aclığı dayandırıb. İ.Rəhimovun vurğulamasına görə, Apellyasiya Məhkəməsi də onu etmədiyi cinayətə görə suçlu sayıb. Amma o ona vəd verilməsi ilə bağlı konkret ad çəkməyib.

Penitensiar Xidmət: İkram Rəhimov aclıq etmir

«İkram Rəhimov aclıq etmir. Bu haqda yayılan məlumatlar əsassızdır».

Bunu isə Penitensiar Xidmətin (PX) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib. Onun sözlərinə görə, İ.Rəhimov indi su da içir, qida da qəbul edir. «Bir sözlə, aclıq aksiyası yoxdur», - M.Sadıqov bildirib.

İ.Rəhimovun həbs müddəti 3 ilə endirilib

Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində realliq.info saytının redaktoru İkram Rəhimovun barəsində hökmdən şikayətə baxılma prosesi başa çatıb.

Bu barədə İ.Rəhimovun yaxınları bildiriblər. Onların sözlərinə görə, apellyasiya instansiyası İ.Rəhimovun hədə yolu ilə pul tələb etməkdə təqsirli olduğunu təsdiqləyib. Lakin məhkəmə onun barəsində Cinayət Məcəlləsinin (CM) 62-ci maddəsini (qanunla nəzərdə tutulduğundan az cəza təyin etmək) tətbiq edərək həbs müddətini 5 il 6 aydan 3 ilə endirib.

Yaxınları bildiriblər ki, İ.Rəhimov son sözündə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovu və Mətbuat Şurasını tənqid etdiyinə görə uydurma ittihamla təqib olunduğunu iddia edib. Məhkəmə onu həbsdən azad etmədiyi halda yenidən aclıq aksiyasına başlayacağı xəbərdarlığını verib.

Bu deyilənlərə, hələlik, prezidentin köməkçisi Əli Həsənovdan münasibət alına bilinməyib.

Onun aclıq aksiyasına başlayacağı haqqında dediklərini də Penitensiar Xidmətdən dəqiqləşdirmək mümkün olmayıb.

İ.Rəhimov avqustun 7-dən sentyabrın 5-nə kimi aclıq aksiyası keçirmişdi. Bunu Penitensiar Xidmətdən də təsdiq etmişdilər. Yaxınlarının bildirməsinə görə, o, aclıq aksiyasını məhz səhhəti ağırlaşdığından xahişləri nəzərə alaraq dayandırıb.

Mətbuat Şurası: «Onun... dedikləri əsassızdır»

«realliq.info saytının redaktoru İkram Rəhimovun Mətbuat Şurasını tənqid etdiyinə görə həbs olunması ilə bağlı bəyanatı əsassızdır».

Bunu Mətbuat Şurası İdarə heyətinin üzvü, Reket jurnalistikaya qarşı mübarizə komissiyasının sədri Vüqar Rəhimzadə bildirib.

O deyir ki, İ.Rəhimov konkret cinayət maddəsiylə həbsə alınıb: «Amma onu da deyim ki, bu şəxsin redaktoru olduğu saytdan qurumlar, vətəndaşlar tərəfindən Şuraya müxtəlif zamanlarda çoxsaylı şikayətlər daxil olub və dəfələrlə adı «qara siyahı»ya düşüb».

V.Rəhimzadə əlavə edib ki, İ.Rəhimov Cinayət Məcəlləsinin rüşvət tələb etmə maddəsiylə həbs olunub, barəsində cinayət işi qaldırılıb və həbsə alınıb: «Odur ki, onun peşə fəaliyyətiylə bağlı həbsə alınması haqqında dedikləri əsassızdır».

Xatırlatma

realliq.info saytının redaktoru İkram Rəhimov 2018-ci il oktyabrın 26-da hədə yolu ilə pul tələb etməkdə günahlandırılaraq həbs olunub. 2019-cu il iyunun 12-də məhkəmə onu 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Avqustun 7-də Bakı Apellyasiya Məhkəməsində İ.Rəhimovun işi üzrə ilkin iclas keçirilib. Müdafiə tərəfi birinci instansiya məhkəməsində ifadələrin saxtalaşdırıldığını iddia edərək şahidlərin və zərərçəkənlərin yenidən dindirilməsi barədə vəsatət qaldırmışdı. Lakin vəsatət təmin edilməmişdi. İ.Rəhimov da bundan sonra aclığa başladığını açıqlamışdı.

Amma müdafiə tərəfinin birinci instansiya məhkəməsində çıxışların dəyişdirilməsi ilə bağlı dediklərinə, hələlik, Bakı Ağır Cinayətlər Məhkəməsi və başqa uyğun qurumlardan münasibət almaq mümkün olmayıb.

İ.Rəhimov tutulmazdan əvvəl də prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə izlənildiyini bildirmişdi. Onda da bu açıqlamaya Ə.Həsənovdan hər hansı münasibət almaq mümkün olmamışdı. Ancaq İ.Rəhimovun tənqid etdiyi qurumlardan biri - Mətbuat Şurasından onun açıqlamalarını əsassız saymışdılar. Qurumdan bildirmişdilər ki, onlar da İ.Rəhimovun fəaliyyəti ilə bağlı oxşar məzmunlu şikayətlər alıblar.

İ.Rəhimov 2016-cı ildə böhtana görə 1 illiyə azadlıqdan məhrum edilmiş, daha sonra vaxtından əvvəl azadlığa buraxılmışdı. O, onda da ittihamı qəbul etmirdi.