Taliban hücumunda azı 20 nəfər öldürülüb

17 sentyabr hücumundan sonra

Əfqanıstanın cənubundakı Zabul vilayətinə avtomobildə qoyulmuş bomba partladılıb, azı 20 nəfər ölüb, onlarla yaralı var.

Sentyabrın 19-da səhər törədilmiş hücum Qalat şəhərində kəşfiyyat xidməti binasını, şəhər xəstəxanasını hədəfə alıb. Bunu vilayətin valisi Rahmatullah Yarmal deyib.

Talibanın sözçüsü Qari Yousuf Ahmadi qruplaşmanın hücum üçün məsuliyyət daşıdığını söyləyib. Ötən həftə Birləşmiş Ştatlar Talibanla danışıqları dayandırıb. Bir neçə günə isə ölkədə prezident seçkisi keçirilməlidir.

Vilayət şurasının rəhbəri Atta Jan Haqbayan ölü sayının arta biləcəyini deyib.

Son günlər Əfqanıstanda ayrı-ayrı hücumlarda azı 48 nəfər öldürülüb.

Talibanın təmsilçisi Sher Mohammad Abbas Stanikzai isə sentyabrın 18-də BBC-yə deyib ki, 18 illik müharibəni bitirməkdən ötrü danışıqlara “qapılar açıqdır”.

Taliban Kabil hökumətilə danışıqlardan imtina edir.