'Kartof festivalı'nda kütləvi zəhərlənmə

Kartof

Dünən, sentyabrın 18-də İsmayıllı rayonunda keçirilən «Kartof festivalı» zamanı kütləvi zəhərlənmə baş verdiyi bildirilir.

Sentyabrın 19-da Səhiyyə Nazirliyi bu məsələ ilə bağlı məlumat yayıb.

«Zəhərlənmə ehtimalı ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına 7 nəfər (3 kişi, 4 qadın) müraciət edib», - nazirlikdən bildiriblər.

Nazirlik İsmayıllı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aydın Əsədova istinadən qeyd edib ki, müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evlərinə buraxılacaqlar. «Hadisə barədə polis və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib», - nazirlikdən belə deyiblər.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə bildirilib ki, Səhiyyə Nazirliyindən daxil olan məlumat əsasında mütəxəssislərdən ibarət işçi qrup yaradılıb və hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanıb.

Dünən, sentyabrın 18-də İsmayıllı rayonu Talıstan kəndində «Kartof Festivalı»nın keçirildiyi deyilir.

Xatırlatma

Bu hadisəyə qədər bu ilin avqust ayında Şəki, Ağdaş və İsmayıllı rayonlarında qidadan kütləvi zəhərlənmə olduğu açıqlanmışdı.