Şimali Amerikada quşlar 3 milyard azalıb

Arxiv fotosu

1970-ci ildən Şimali Amerikada quşların sayında 3 milyard azalma baş verib. Alimlər bunun nəhəng ekoloji böhranı üzə çıxardığını deyir.

Sentyabrın 19-da “Science” dərgisində dərc olunmuş məqalədə ekspertlər bildirirlər ki, son 50 ildə Birləşmiş Ştatlar və Kanadada quşların sayı 29 faiz azalıb.

“Üç milyard azalma bizi çox heyrətləndirdi”, – araşdırmanın əsas müəllifi Kenneth Rosenberg deyib.

Alimlərin fikrincə, heyvanların çoxu insan fəaliyyəti səbəbindən nəsli kəsilmək təhlükəsi ilə üzləşir. Ancaq onların azalması insanlara da təsir göstərə bilər, çünki bu, uyğun ekosistemlərə fəsadlar törədər.

Çəmənlik quşları daha çox təsirə məruz qalır, çəmənlik və çöllüklərin azalması, fermer təsərrüfatlarının genişlənməsi onlara təsir göstərir. Kimyəvi maddələrdən getdikcə daha çox istifadə də zərərli işini görür, həşəratlara qarşı istifadə olunan bu maddələr ərzaq zəncirinə ziyan vurur.