MeydanTV-nin şikayətinə baxılacaq

MeydanTV

Azərbaycan Ali Məhkəməsi MeydanTV-nin ölkə ərazisində bloklanmasını aradan qaldırmaq üçün müdafiə tərəfinın kassasiya şikayətini baxışa qəbul edib. Bu barədə AzadlıqRadiosuna vəkil Elçin Sadıqov bildirib. «Biz şikayəti yay aylarında vermişdik. Sentyabrın 10-da Ali Məhkəmə qərar qəbul edib ki, şikayətə baxılsın və bunun üçün sənədlər Bakı Apellyasiya Məhkəməsinə göndərilib», - E.Sadıqov bildirib.

Amma E.Sadiqov qeyd edib ki, bununla Meydan TV-nin bloklanmasının aradan qaldırılması yox, həmin bloklanmadan verilən şikayətə baxılması təmin edilib. «Nəticə necə olacaq, bunu isə məhkəmədən sonra biləcəyik», - vəkil bildirib.

Səbail rayon Məhkəməsi 2017-ci il mayın 12-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin MeydanTV-nin yayımının məhdudlaşdırılması barədə müraciətini təmin etmişdi.

Xatırlatma

2017-ci il martın 10-da Milli Məclisdə «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi» və «Telekommunikasiya haqqında» qanunlara dəyişikliklər qəbul edilib. Həmin dəyişikliklərlə internet resurslarını dövlət qurumunun rəsmi qaydada bloklaması qaydaları qəbul edilib.

Bundan sonra MeydanTV-dən başqa AzadlıqRadiosunun saytına və daha bir çox internet resurslarına Azərbaycandan daxil olmaq bloklanıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu addımı Baş Prokurorluğun istəyi ilə izah edib. Bloklanan saytlarda dövlətin təhlükəsizliyinə xələl gətirən bir sıra yazıların yer aldığı vurğulanıb. Amma məhkəmə proseslərində bloklanan saytların vəkilləri həmin iddiaları əsassız sayaraq, onları yalanlayıblar.