Maqnit qasırğası gözlənir – Xəbərdarlıq

Günəş

Maqnit qasırğası gözlənir. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası bugün, sentyabrın 26-da məlumat yayıb.

Məlumatda yazılıb ki, proqnoz dövründə (26 - 28 sentyabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Eyni zamanda, Günəş küləyi parametrlərinin güclənəcəyi proqnozlaşdırılır: «Küləyin sürəti 650 – 700 km/san-yə qədər artacaq».

Qurum qeyd edir ki, bu, enerji sistemində və peyk yayınlarında, radiorabitədə mənfi təsirlərə səbəb olur. Üstəlik, bunun canlı orqanizmə də pis təsir göstərəcəyi proqnozlaşdırılır. «...İnsanlarda başağrılarının və miqrenin yüksəlməsi halları kimi narahatlıqlar, yuxusuzluq, stress və depressiya tipli hissiyyat meydana gətirə bilər. Məsləhət görülür ki, belə günlərdə qan təzyiqi gün ərzində vaxtaşırı ölçülsün və həkim nəzarəti altında müəyyən profilaktik tədbirlər görülsün. Çoxlu təmiz su içmək faydalıdır, kofein və alkoqol tərkibli içkilərdən imtina etmək məsləhət görülür».

Həmçinin, kompüter qarşısında və mobil qurğularla (planşet, smartfon və s.) az vaxt keçirmək tövsiyə edilir.