Avstriyada seçkidə mühafizəkarlar üstünlük qazanır

Sebastian Kurz

Avstriyada növbədənkənar parlament seçkisində mühafizəkar Xalq Partiyası daha çox yer qazanıb. Ancaq partiya lideri Sebastian Kurz koalisiya hökuməti formalaşdırmaqdan ötrü danışıqlara başlamalıdır.

Sentyabrın 29-da keçirilən seçkidə Xalq Partiyası səslərin 37 faizini qazanıb. Sol-mərkəzçi Sosial Demokratlar 22, ifrat-sağçı Azadlıq Partiyası 16, Yaşıllar Partiyası 14 faiz səs əldə edib.

Nəticə Azadlıq Partiyası üçün böyük geriləmə sayılır, iki il öncəki seçkiylə müqayisədə 10 faiz səs itirib.

Kurz tərəfdarlarına deyib ki, qələbə sevincini “sözlə ifadə edə bilmir”, ancaq hökuməti formalaşdırmaq üzrə danışıqlarda necə irəliləyiş əldə edəcəyi aydın deyil.

Yaşıllar Partiyasının lideri Werner Kogler deyib ki, hökumətə qoşulmağı nəzərdən keçirməkdən ötrü o, Xalq Partiyasının sonuncu koalisiyadakı siyasətində “radikal dəyişiklik” görmək istəyir.