Prezident Recep Tayyip Erdogan bu gün bildirib ki, Türkiyə jurnalist Jamal Khashoggi-nin qətli arxasındakı həqiqəti üzə çıxarmağa çalışacaq. Səudiyyəli jurnalist ötən il ölkəsinin İstanbuldakı konsulluğunda qətlə yetirilib. Erdogan onun qatillərindən bəzilərinin ədalətdən yayındığını vurğulayıb.
Khashoggi-nin ər-Riyaddan göndərilmiş səudiyyəli agentlər tərəfindən öldürülməsindən bir il keçir. Erdogan deyir ki, Türkiyə hələ də jurnalistin cəsədinin harada olduğunu, bu əməliyyata kimin səlahiyyət verdiyini bilmək istəyir. O, əməliyyatın Səudiyyə Ərəbistanında “kölgə dövlətin” agentləri tərəfindən öldürülməsinə eyham vurub.
Səudiyyə Ərəbistanının de fakto lideri Vəliəhd şahzadə Mohammed bin Salman ABŞ-ın CBS televiziyasına deyib ki, o, Khashoggi-nin qətlinə “qətiyyən” sifariş verməyib, ancaq ölkə lideri kimi bunun üçün məsuliyyət daşıyır.
Səudiyyədə 11 şübhəli məhkəmə qarşısına çıxarılsa da bir neçə proses keçirilib. BMT isə hesabatında Şahzadə Mohammed və ölkənin digər aparıcı rəsmiləri barəsində təhqiqat aparılmasına çağırmışdı.
Buna da bax: Putin-in qızı ‘insan DNT-sinə dəyişikliklər’in müzakirəsində – Qərb mediası“Kölgə dövləti”
Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və bəzi Qərb hökumətləri qətli onun sifariş etdiyini desə də, Səudiyyə rəsmiləri şahzadənin bunda rolu olmadığını bildirib.
Səudiyyə rəsmiləri əvvəlcə qətli danıb, sonradan onu əməliyyatçıların boynuna qoydular. Dövlət ittihamçısının bildirməsinə görə, kəşfiyyat rəisinin ovaxtkı müavini Khashoggi-nin ölkəyə qaytarılmasıı istəyib, o imtina edincə danışıqları aparan şəxs onun öldürülməsini sifariş edib. Khashoggi Səudiyyə rejiminin açıq tənqidçisi idi.
“The Washington Post” qəzetinin köşə yazarı Khashoggi oktyabrın 2-də, toyundan qabaq sənədləri əldə etmək üçün İstanbuldakı konsulluğa gedib. Məlumatlara görə, onun bədəni hissələrə bölünərək binadan çıxarılıb, ancaq qalıqları indiyədək aşkarlanmayıb.
“The Washington Post”a yazdığı məqalədə Erdogan qeyd edir ki, qatillərin diplomatik pasportla səyahət etməsi və “diplomatik binanı qətl səhnəsinə çevirməsi” təhlükəli presedent yaradıb.
“Yəqin ki, bundan da təhlükəlisi qatillərdən bəzilərinin krallıqdakı toxunulmazlığıdır”, – yazan prezident məhkəmə prosedurlarıyla bağlı demək olar, şəffaflıq olmadığını vurğulayır.
Erdogan bildirir ki, Türkiyə Səudiyyə Ərəbistanının dostu və müttəfiqi olaraq qalır, ancaq bu, Ankaranın sakit qalacağı demək deyil.
“Khashoggi-ni Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğu içərisində qətlə yetirən, onun bədənini hissələrə ayıran 15 nəfərlik dəstə krallıq hökuməti daxilindəki kölgə dövlətin maraqlarına xidmət edib”, – yazan Erdogan ayrıntılara varmayıb.
Səudiyyə “təkbaşına qalıb”
“Frans Pres” agentliyi isə jurnalistin qətlindən bir il sonra Səudiyyənin bu səhifəni qapatma cabalarından yazır.
“Jamal Khashoggi amili Səudiyyə Ərəbistanı üzərindədir. Qətlə yetirilmiş jurnalist və şərhçi Vəliəhd Şahzadə Mohammed bin Salman-ın ümid etdiyi kimi unudulmayıb”, – Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı, Səudiyyə haqda “Krallar və prezidentlər” kitabının müəllifi Bruce Riedel deyib.
“Khashoggi-nin qətli Səudiyyə Ərəbistanını müəyyən dərəcədə qlobal səviyyədə təcrid etdi. Prezident Donald Trump üzdə ər-Riyada dəstək təklif eləsə də, Amerika israrla bildirir ki, daha əvvəlki kimi Səudiyyə neftindən asılı deyil. İndi Səudiyyə İranın və qonşu Yəməndəki münaqişənin yaratdığı təhdid qarşısında təkbaşına qalıb”, – bunu isə Yunanıstandan Səudiyyə üzrə ekspert Quentin de Pimodan söyləyib.
Sentyabrın 14-də Səudiyyədə neft obyektlərinə dron zərbələri endirilib. Məsuliyyəti Yəməndəki husi yaraqlılar götürsə də, ABŞ daxil bir sıra ölkələr İranı ittiham edib. İran ittihamları rədd edib.