Fədayə Laçının cəzası yüngülləşdirilib

F.Laçın

Bu gün, sentyabrın 30-da Bakı Apellyasiya Məhkəməsi müğənni Fədayə Laçın və daha bir çox şəxs barəsində məhkəmənin çıxardığı qərarı dəyişib.

Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə Fədayə Məmmədovanın (Laçının) cəzası 2 ilə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin konvoy taborunun komandiri Bəhruz Abdullayevinki isə 3 ilə endirilib. Onlarla mühakimə edilən başqa şəxslərin də cəzaları azaldılıb.

2017-ci il oktyabrın 22-də Lənkəran Ağır Cinayətlər Məhkəməsindən Bakıya istintaq təcridxanasına qaytarılarkən qatardan iki dustağın qaçmasına görə məhkəmə olmuşdu. Ötən il dekabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu hadisəyə görə hakim qarşısına çıxarılanlara hökm oxunmuşdu. «Qoca» ləqəbli dustaq Etibar MəmmədovƏli Ağaminin qaçmasına görə cinayət məsuliyyətinə cəlb olunan 12 nəfərə ümumilikdə 90 il həbs cəzası verilmişdi.

Ən az cəza müğənni Fədayə Məmmədovaya (Laçın) verilmişdi – 5 il. Digər təqsirləndirilənlərdən Penitensiar Xidmətin konvoy taborunun rəisi olmuş polkovnik Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov və «Qoca»nın dostu, qatarın pəncərəsini açmaq üçün F.Laçından xüsusi açarı alıb ona çatdırdığı deyilən Aqil Nəcəfovun hər biri 9 il azadlıqdan məhrum edilmişdi. Habelə qatarda qarovul rəisinin müavinləri olmuş Fuad HacıyevTural Poladxanovun hər birinə 8 il 6 ay həbs verilmişdi. Digər təqsirləndirilən şəxslər də 6-7 il arası həbs cəzaları almışdılar.

«Qoca» qaçdıqdan sonra bir gün Sumqayıtda G.Atakişiyevanın kirayə yaşadığı evdə qaldığı, ertəsi gün onunla birlikdə Qazaxa gedib, oradan Gürcüstana keçmək istədiyi deyilirdi. Ağstafa rayonu ərazisində onların olduğu taksinin saxlandığı, E.Məmmədovun qaçdığı deyilirdi. Taksi sürücüsü Məhəmməd Hacıyev və G.Atakişiyevanın isə saxlandığı açıqlanmışdı.

Adları çəkilən şəxslərlə birlikdə qaçan dustaqlardan Əli Ağami də mühakimə olunub. Həmin hadisədən sonra o, qətl törətməkdə təqsirli bilinərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 19 il azadlıqdan məhrum edilmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsi onun əvvəlki cəzasını da birləşdirməklə, üzərində qəti olaraq 20 il həbs saxlamışdı. Onun cəzası dəyişməyib.

Xatırlatma

Dustaqlar Ə.Ağami və E.Məmmədovun 2017-ci il oktyabrın 22-dən 23-nə keçən gecə Biləcəri stansiyasında vaqonun pəncərəsini xüsusi açarla açıb qaçdıqları bildirilirdi.

Bu cinayət işi üzrə 10-dan dan çox şəxs həbs olunmuşdu. Polkovnik B.Abdullayevə CM-in 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179-cu (mənimsəmə), digər təqsirləndirilənlərə isə 304-cü (həbs yerindən və ya mühafizə altından qaçma) maddəsinin müxtəlif bəndləri ilə ittiham verilmişdi.

29-yaşlı Ə.Ağami hadisədən üç gün sonra elə Şirvan şəhərində saxlanıb. E.Məmmədovsa 10 gün sonra əməliyyat nəticəsində öldürüldüyü açıqlanıb.