ReAL Partiyasının icra katibi Natiq Cəfərli ölkədən çıxışına məhdudiyyətin götürüldüyünü açıqlayıb.
Sentyabrın 28-də N.Cəfərli bildirmişdi ki, ölkədən çıxışına qadağa qoyulub. O, AzadlıqRadiosuna müsahibəsində vurğulamışdı ki, Səbail Rayon məhkəməsi sentyabrın 19-da belə qərar qəbul edib. «Sentyabrın 19-da məhkəmə olub, lakin mənim bu barədə xəbərim olmayıb. Məhkəmə prosesi barədə məktub mənə bu gün, sentyabrın 28-də gəlib», - o qeyd edirdi.
N.Cəfərlinin deməsinə görə, ölkədən çıxışına qadağa qoyulmasına səbəb Vergilər Nazirliyinin məhkəməyə müraciətidir: «Nazirlik iddia edir ki, 2014-cü ildən mənim 2072 manat vergi borcum var. Halbuki, 2016-cı ildə həbsdən bir neçə ay öncə Vergilər Nazirliyi yoxlama aparıb və mənə borcum olmaması barədə arayış verib. Daha sonra həbs olundum və köhnə tarixlə mənə borc yazdılar. Bir aylıq həbsdən çıxandan sonra iş bağlandı və bu barədə aktı mən Vergilər Nazirliyinin departamentinə təqdim etdim».
N.Cəfərli deyir ki, sentyabrın 30-da Vergilər Nazirliyində olub və bəzi məsələləri aydınlaşdırıblar: «Sentyabrın 30-da Vergilər Nazirliyinin əməkdaşları mənə zəng vuraraq, Nazirliyə dəvət etdilər. Çox nəzakətlə qarşıladılar və bildirdilər ki, borc olması məsələsi texniki səhvdir, ölkədən çıxış qadağası qoymadıqlarını söylədilər. Öz növbəmdə onlara bildirdim ki, məsələni araşdırsınlar, çünki vacib səfərlərim var. Sentyabrın 1-də isə sərhəddə məni bir az ləngidərək ölkədən çıxışıma icazə verdilər».
Xatırlatma
Natiq Cəfərli 2016-cı ilin avqustun 13-də Nəsimi rayon Məhkəməsində axşam keçirilən iclasda qanunsuz sahibkarlıq fəaliyyəti, mənimsəmə və vergidən yayınmada ittiham olunaraq 4 ay müddətinə həbs edilmişdi.
ReAL ittihamları rədd edərək həbsin siyasi motivli olduğunu açıqlamışdı.
Həmin ilin sentyabrın 9-da isə onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv olunub və o, azadlığa buraxılıb. Daha sonra barəsində başlanan cinayət işinə xitam verildiyi açıqlanıb.
Rəsmilər isə ölkədə siyasi motivli həbslərin olması ilə bağlı deyilənləri əsassız hesab edirlər.