Əfqanıstanın Taliban qruplaşmasının nümayəndə heyəti İslamabadda Pakistanın Xarici işlər naziri Shah Mahmood Qureshi ilə görüşür. Məqsəd Əfqanıstan üzrə sülh danışıqlarını canlandırmaqdır. Taliban təmsilçiləri bundan öncə Rusiya, Çin və İranda olublar.
Nümayəndə heyətinə qruplaşmasının qurucularından Mullah Abdul Ghani Baradar rəhbərlik edir.
Talibançıların İslamabada səfəriylə eyni vaxtda ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Khalilzad da Pakistanda “məsləhətləşmələr” aparır.
Talibanla Khalilzad-ın görüşüb-görüşməyəcəyi bəlli deyil.
Talibanın Qətərdəki sözçüsü Suhail Shaheen “Frans Pres” agentliyinə deyib ki, Pakistana səfərlərin üst-üstə düşməsi “təsadüf”dür. Ancaq o, Khalilzad-la görüşün mümkünlüyünü istisna etməyib.
“Niyə də yox? Bu, amerikalılardan asılıdır”,– Shaheen deyib.
ABŞ Prezidenti Donald Trump ötən ay Talibanla danışıqların dayandırıldığını bildirib.
Pakistan isə tərəfləri danışıqları bərpa etməyə çağırır.