Oktyabrın 3-də Soçidə Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin görüşü olub.
AZƏRTAC-ın xəbərinə görə, Rusiya prezidenti V.Putin deyib ki, bu dəfə onlar Soçidə beynəlxalq siyasi diskussiya klubu çərçivəsində görüşürlər: «Tədbir ilk dəfə Valdayda keçirildiyinə görə biz onu «Valday klubu» adlandırırıq».
Rusiya prezidenti daha sonra da iki ölkə arasında əməkdaşlıqdan bəhs edib: «Ticari-iqtisadi əlaqələr möhkəmlənir. Keçən il əmtəə dövriyyəsinin həcmi 2.5 milyard dollar olub. Bu istiqamətdə yaxşı perspektivlərimiz var».
O qeyd edib ki, başqa istiqamətlər üzrə münasibətlərin vəziyyəti barədə də fikir mübadiləsinə ehtiyac var: «Ümidvaram ki, bu gün biz bütün bunlara nail olacağıq. Ümid edirəm ki, siz bu maraqlı ümumi diskussiyada iştirak edəcəksiniz».
Azərbaycan prezidenti İ.Əliyev də, öz növbəsində, vurğulayıb ki, bu klub müasir dünya nizamının qlobal aktual məsələlərinin müzakirəsi üçün çox mühüm beynəlxalq məkandır: «…Biz müəyyən müddətdə, daha dəqiq desəm, dörd aydır ki, görüşməmişik. Bizim əlaqələrin intensivliyini nəzərə alsaq, bu, yetərincə böyük müddətdir. Keçən il biz dörd dəfə görüşmüşdük. Bu görüşlər çox müsbət rol oynayır, strateji tərəfdaşların münasibətləri kimi səciyyələndirdiyimiz əlaqələrimizin inkişafına yaxşı təkan verir».
Azərbaycan prezidenti daha sonra da əlavə edib: «Ticari-iqtisadi sahədə müsbət dinamikanı da qeyd etmək istərdim. Əmtəə dövriyyəsi artır – keçən il də, bu il də. Bizdə olan məlumata görə, avqust ayına qədər artım 20 faizdən çox olub. Sizinlə bizim təsdiq etdiyimiz Yol xəritələrinin reallaşdırılması da, əlbəttə, daha sıx qarşılıqlı fəaliyyətə, bütün sahələrdə inteqrasiyaya və əməkdaşlığa gətirib çıxaracaq. Bizim üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur. Biz bu münasibətləri çox qiymətləndiririk…».
Xatırlatma
Azərbaycan prezidenti İ.Əliyev Rusiyaya oktyabrın 2-də gedib. Soçidə oktyabrın 3-də «Valday» Beynəlxalq Müzakirə Klubunun XVI görüşü keçirilməlidir.
İclasın işində habelə, Qazaxıstan, Filippin prezidentləri və İordaniya kralı da iştirak etməlidir.