Qüds qüvvələrinin komandirinə sui-qəsdin qarşısının alındığı bildirilir

Qassem Soleimani

İranın yüksəkçinli rəsmisi deyir ki, Qüds qüvvələrinin komandiri, General-mayor Qassem Soleimani-yə qarşı sui-qəsdin qarşısı alınıb. Sui-qəsd planını İsrail və ərəb dövlətləri agentliklərinin hazırladığı iddia olunur.

Qüds qüvvələri İranın İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) elit bölməsidir.

İİKK-nın təhlükəsizlik üzrə başçısı Hossein Taeb dövlət mediasına deyib ki, sui-qəsdçilər Soleimani-nin atasının məzarına bitişik əmlak almağı, komandiri öldürmək üçün oranı 500 kiloqramlıq partlayıcı ilə doldurmağı planlaşdırıblar.

Oktyabrın 3-də mətbuat konfransında danışan Taeb-in deməsinə görə, sentyabrda bu planla əlaqədar bir neçə nəfər saxlanıb. O, saxlananların sayını açıqlamayıb, sui-qəsdin “illərlə planlaşdırıldığını” deyib.

Taeb sui-qəsd planında guya əli olan ərəb ölkələrinin adını çəkməyib. İranın ABŞ-ın regiondakı müttəfiqi Səudiyyə Ərəbistanı ilə münasibətləri gərgindir.

Taeb-in iddiasını müstəqil təsdiqlətmək mümkün olmayıb.

Soleimani İİKK-nın ən nüfuzlu komandirlərindən biridir. Onun başçılıq etdiyi Qüds qüvvələri Suriya və İraqda İslam Dövləti qruplaşmasının məğlub edilməsində aparıcı rol oynayıb.