Kosovoda parlament seçkisini müxalifət partiyaları udur

Vetevendosje tərəfdarları bayram edir

Kosovonun iki əsas müxalifət partiyası – Vetevendosje Kosovo Demokratik Liqasının (LDK) oktyabrın 6-da növbədənkənar parlament seçkisini qazandığı bildirilir. Qələbə təsdiqlənsə, onlar 12 ildir hakimiyyətdə olan partiyanı əvəzləyə bilərlər.

Oktyabrın 7-də yerli vaxtla 3:56-ya olan məlumata görə, bülletenlərin 96 faizi sayılıb. Mərkəzi Seçki Komissiyası solçu-millətçi Vetevendosje partiyasının səslərin 26, LDK-nın isə 25 faizini yığdığını bildirir.

Vetevendosje (Öz müqəddəratını təyinetmə) üzvləri Priştinada bayram edirlər, partiya lideri Albin Kurti qələbəni elan edərək Kosovo üçün “yeni fəsil” açıldığını bildirib.

Son on ildə siyasətdə dominantlıq etmiş Kosovo Demokratik Partiyası (PDK) 22 faiz səslə üçüncü yerdədir.

Dördüncü yeri isə 11,6 faiz səslə keçmiş baş nazir Ramush Haradinaj-ın rəhbərlik etdiyi Kosovonun Gələcəyi üçün Alyans tutub.

Vetevendosje lideri Kurti deyib ki, LDK ilə koalisiya yaratmaqla yeni hökumət quracağına ümid edir.

120 yerlik parlamentdə 10 yer etnik serblər, daha 10 yer isə etnik türklər və qaraçılar daxil olmaqla digər azlıqlar üçün saxlanır.