Külək ağacları aşırıb, 4 avtomobil əzilib

Aşan ağac

Oktyabrın 7-si axşam saatlarında güclü külək Bakının Səbail rayonunda (Nizami küçəsində) irigövdəli ağacı kökündən qoparıb.

Bunu Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib. Onun sözlərinə görə, aşan ağac yol kənarında park edilmiş üç avtomobilə ziyan vurub.

Şöbə rəisi qeyd edib ki, qurum əməkdaşları artıq ərazini təmizləyiblər.

O.Məmmədov habelə deyib ki, daha bir ağac aşması Nizami rayonunda baş verib və onda da bir avtomobilə ziyan dəyib: «Ümumilikdə oktyabrın 7-də paytaxtda 10-a qədər ağac kökündən qırılmaqla aşıb. Ağaclar ən çox Yasamal, Nəsimi rayonlarında qırılıb».

Oktyabrın 7-də paytaxt Bakı və ətraf ərazilərdə güclü külək əsib. Küləyin bəzən 30-32 m/s kimi gücləndiyi bildirilib.