Ankara Suriyanın şimal-şərqində mümkün hərbi əməliyyat üçün bütün hazırlıqların tamamlandığını bildirir.
Türkiyənin Müdafiə Nazirliyi oktyabrın 7-də axşam tvitində yazıb ki, ölkənin silahlı qüvvələri “sərhədlərimizdə terror dəhlizinin qurulmasına dözümlü yanaşmayacaq”.
Orada “təhlükəsiz zona”nın qurulması suriyalılar və regionda sülh üçün “vacibdir”.
Bir gün öncə ABŞ Prezidenti Donald Trump Suriyanın Türkiyə ilə sərhəd ərazilərindəki qüvvələrin çıxarılmasına qəfil qərar verib. Bu qərarının ardınca, əgər Türkiyə “həddini aşarsa” onun iqtisadiyyatını dağıdacağı ilə hədələyib.
Birləşmiş Ştatların Suriyada minədək əsgəri var və onların 50-si sərhəd zonasından çıxarılıb, ölkədə “atəş altında olmadıqları” məkanlara yerləşdirilib, bunu ABŞ administrasiyasının rəsmisi deyib.
Trump-ın addımı kürd müttəfiqləri narazı salıb. Ancaq ABŞ prezidenti daha sonra deyib ki, türkiyəli həmkarı Recep Tayyip Erdogan-a “adamlarımızdan hansısa birinə zərər dəyərsə”, “böyük problem” yaranacağını söyləyib.
İran, Rusiya nə deyir
İranın Xarici işlər naziri Mohammad Javad Zarif isə türkiyəli həmkarı Mevlut Cavusoglu-na zəng edərək Tehranın Türkiyənin Suriyada gözlənən əməliyyatına “qarşı” çıxdığını bildirib. Məlumatın İranın Xarici İşlər Nazirliyi yayıb.
Buna da bax: Trump Türkiyə iqtisadiyyatını ‘darmadağın’ etməklə hədələyirZarif “Suriyanın ərazi bütövlüyü və suverenliyinə sayqı göstərməyə çağırıb”, “terrorçuluqla mübarizə, sabitlik və təhlükəsizliyin oturuşması üçün savaşmağın vacibliyini vurğulayıb”, – bəyanatda deyilir.
Kremlin sözçüsü Dmitry Peskov isə bildirib ki, Vaşinqtonla Ankara arasında hansısa razılaşmadan Rusiyanın öncədən xəbəri olmayıb.
“Biz durumu çox yaxından izləyirik”, – Peskov vurğulayıb.
Türkiyədə 3,6 milyon suriyalı qaçqın yaşayır və Ankara sözügedən zonada 2 milyon qaçqını yerləşdirmək istəyir.
Ankara təhlükəsizlik zonasını Suriyanın 30 kilometrliyinədək uzatmağı planlaşdırır.
Ancaq Türkiyə ilə həmsərhəd şimal-şərq zonasına kürd yaraqlılar nəzarət eidir.
Rusiya və İran Suriya Prezidenti Bashar al-Assad-ı, Türkiyə, Birləşmiş Ştatlar, Avropa və ərəb müttəfiqlər isə fərqli üsyançı fraksiyaları dəstəkləyir.
Müharibədə 400 mindən çox adam öldürülüb.