Erdogan Serbiya-Bosniya magistralının təməlqoymasına qatılıb

Serbiyada yerli sakinlər Erdogan-ın gəlişini gözləyir, 8 oktyabr, 2019-cu il

Türkiyə Prezidenti Recep Tayyip Erdogan Bosniya prezidentliyini bu Balkan ölkəsində illərdir davam edən siyasi çıxmazı yoluna qoymağa çağırıb.

Erdogan oktyabrın 8-də Belqradda 3 lider və Serbiya Prezidenti Aleksandar Vucic-lə görüşdən sonra danışıb.

Serbiyaya səfərinin ikinci günü Erdogan Belqradı Bosniya paytaxtı Sarayevo ilə birləşdirəcək magistralın təməlqoyma mərasiminə də qatılıb. Bu magistralın tikintisinə Türkiyə də pul ayırıb. Ankara tikintiyə 3 milyard avro (3,2 milyard dollar) ayırmağa boyun olub.

1992-95-ci illər Bosniya müharibəsindən 25 ilədək bir zaman keçir, həmin müharibədə 100 minədək adam həlak olub. Ancaq Bosniya müsəlmanlar, serblər və xorvatlar arasında bölünmüş vəziyyətdədir. NATO ilə münasibətlərdən dolayı narazılıq parlament seçkisindən bir il keçməsinə baxmayaraq yeni hökumətin formalaşmasını əngəlləyib.

Bosniyanın rusiyapərəst serb lideri Milorad Dodik NATO ilə münasibətlərin sıxlaşmasını rədd edir, Bosniya prezidentliyinin digər üzvləri isə əks mövqedədir.

Erdogan deyib ki, tikintisi başlanan magistral Serbiyayla Bosniyanı yaxınlaşdıracaq, Balkanları daha çiçəklənən regiona çevirəcək. Ancaq xəbərdarlıq edib ki, Sarayevoda hökumət formalaşmasa, bu iş “effektli davam edə bilməz”.