Partlayışla bağlı cinayət işi başlanıb

Partlayış

Oktyabrın 8-i Qax rayonunda baş verən partlayışla bağlı cinayət işi açılıb.

Bu barədə Qax Rayon Polis Şöbəsindən bildiriblər.

Oradan qeyd edildiyinə görə, faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı,...əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 131.1-ci (Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi başlanıb.

Oktyabrın 8-i səhər saatlarında Qax Kommunal Müəssisələri Kombinatının işçiləri müəssisənin arxa hissəsində təmizlik işləri apararkən anidən partlayış baş verdiyi bildirilir. Partlayış nəticəsində müəssisənin 6 işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Üç nəfərin xəsarətləri yüngül olduğundan ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Xəsarət alan şəxslərdən iki nəfəri isə, bu gün, oktyabrın 9-da Bakıya gətirilərək Klinik Tibbi Mərkəzə yerləşdiriliblər.

Bu barədə Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata görə, daha bir nəfərin müalicəsi isə Qax Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.