Putin Kremldə əsas köməkçisini işdən çıxarıb

Vladimir Putin (sağda) və Sergei Glazyev

Rusiya Prezidenti Vladimir Putin Kremldə əsas köməkçisini işdən çıxarıb. Sözügedən şəxs Ukraynanın Krım yarımadasının ilhaqındakı roluna görə Birləşmiş Ştatlar və Avropa Birliyinin sanksiyalarına məruz qalmışdı.

Putin oktyabrın 9-da 2012-ci ildən müşaviri olmuş Sergei Glazyev-in işdən azad olunması haqda sənədi imzalayıb.

Oktyabrın 1-də yayılmış məlumata görə, Glazyev Avrasiya İqtisadi Komissiyasının İnteqrasiya və Makroiqtisadiyyat üzrə naziri təyin olunub.

Kiyev onun “Ukraynanın milli təhlükəsizliyi, sülh və beynəlxalq düzənə qarşı ağır cinayətlərə” görə həbsini istəyir.

Ukrayna Baş Prokurorluğu 2016-cı ilin yayında Glazyev-in səsyazılarından hissələr yaymağa başladı. Həmin yazılarda onun 2014-cü il fevralın sonundan başlayaraq Rusiyanın Krımın ilhaqına hazırlığını idarə etdiyi iddia olunurdu.

Glazyev isə səsyazılarını “cəfəngiyat” adlandırdı.

2014-cü ildə fevralın sonundan rusiyapərəst elementlər Ukraynanın şərqində bəzi hökumət binalarını tutmağa başladılar. Sonradan Ukrayna hakimiyyəti Donetsk və Luqanskı çıxmaqla digər yerləri separatçılardan azad elədi.

2014-cü ildən Ukraynanın şərqində hökumət qüvvələri ilə Rusiyanın dəstəklədiyi separatçıların münaqişəsində 13 mindən çox adam həlak olub.