Azərbaycandan İrana elektrik xətti çəkilir

Elektrik xətləri

Azərbaycandan Gürcüstan və İrana yeni elektrik xətləri çəkilir.

Bu barədə bu gün, oktyabrın 10-da «Azərenerji» Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaydığı məlumatda bildirilir.

Qurumun vurğulamasına görə, bu, həm də Avropaya enerjinin ixrac imkanını artıracaq.

«Gürcüstan ilə elektrik enerjisi mübadiləsində etibarlığı artırmaq və daha çox elektrik enerjisi ixrac etmək... məqsədilə 330 kilovoltluq «Ağstafa-Qardabani» hava xətti 44 km məsafədə, iki dövrəli variantda yenidən qurulur. Layihə üzrə quraşdırılacaq 162 ədəd dayaqdan artıq 124 ədədi quraşdırılıb. Hava xəttinin 10 km hissəsində naqillər və 13 km hissəsində optik kabel asılıb», - ASC bildirir.

Məlumatda habelə yazılıb ki, Azərbaycan və İran İslam Respublikası arasında enerji mübadiləsinin texniki imkanlarının artırılmasını təmin edəcək 220 kilovoltluq «Masallı-İran Astarası» arasında isə yeni elektrik verilişi xətti çəkilir: «260 ədəd dayaq quraşdırılması nəzərdə tutulan və 68 km uzunluqda olacaq hava xəttinin artıq 177 ədəd dayağı quraşdırılıb, 8.7 km hissəsində naqillər asılıb».

Verilən məlumata görə, bundan başqa, Rusiya ilə enerji mübadiləsinin yaxşılaşdırılması, ixrac imkanlarının artırılması məqsədilə 330 kilovoltluq «Abşeron-Yaşma-Dərbənd» yeni hava xəttinin çəkilməsi də layihələndirilir.