Makron Əliyevdən dəstək xahiş edib - Mətbuat xidməti

İ.Əliyev və E.Makron

Oktyabrın 10-da Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə bu gün, oktyabrın 11-də Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Məlumatda yazılıb ki, Fransa prezidenti onun təşəbbüsü ilə yaradılan QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fonda Azərbaycan tərəfinin dəstək verməsini İ.Əliyevdən xahiş edib.

Bildirildiyinə görə, dövlət başçısı İ.Əliyev Fransa prezidentinin bu təşəbbüsünə öz dəstəyini ifadə edib və Azərbaycan tərəfinin bu xəstəliklərlə mübarizə işinə əhəmiyyətli töhfə verməyə hazır olduğunu bildirib.

«Fransa prezidenti dəstəyə görə minnətdarlığını bildirib və Fondun bu günlərdə Lionda keçiriləcək konfransında Azərbaycanın dəstəyinin vurğulanacağını qeyd edib. Telefon söhbəti zamanı dövlət başçıları ikitərəfli münasibətlərin inkişafı və iki ölkənin prezidentləri arasında gələcək təmaslarla bağlı məsələləri müzakirə ediblər», -Mətbuat xidməti qeyd edir.