Oktyabrın 11-də metronun «İnşaatçılar» stansiyası yanında tək başına etiraz aksiyası keçirən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Tofiq Məmmədova 10 sutka inzibati həbs verildiyi bildirilir.
Bu barədə AzadlıqRadiosuna AXCP-dən bildiriblər.
Partiyadan bildirildiyinə görə, Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə Tofiq Məmmədov İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu maddəsi (xirda xuliqanlıq) ilə günahlandırılıb.
Amma məlumatı Yasamal Rayon Məhkəməsindən, hələlik, dəqiqləşdirmək mümkün olmayıb.
***
“… AXCP üzvü Tofiq Məmmədovun polis tərəfindən saxlanılmasının onun siyasi mənsubiyyəti ilə əlaqəsi yoxdur”.
Bunu APA-ya Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildiriblər.
Məlumata görə, Tofiq Məmmədov Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olduğuna görə, dəfələrlə inzibati məsuliyyətə cəlb olunub.
Məlumatda vuğulanır ki, o, ictimai diqqəti üzərinə yönəltmək üçün fəaliyyətinin siyasi mənsubiyyəti ilə bağlı olduğuna dair iddialar irəli sürməklə metronun “İnşaatçılar” stansiyasının qarşısında təkbaşına aksiya keçirməyə cəhd göstərdiyinə görə, saxlanıb:
“Ona ticarətlə məşğul olmasına dair müxtəlif yerlər təklif olunsa da o, bu təkliflərdən imtina edib, yalnız əhalinin sıx olduğu, piyada gediş-gəlişinin intensiv olduğu yerlərdə qanunsuz fəaliyyətini davam etdirib.”, məlumatda vurğulanıb.
***
Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, oktyabrın 11-də metronun «İnşaatçılar» stansiyası yanında tək başına etiraz aksiyası keçirən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Tofiq Məmmədovun saxlandığı bildirilir.
Bu barədə AzadlıqRadiosuna AXCP rəhbərliyindən məlumat verilib. Məlumata görə, T.Məmmədov xırda ticarətlə məşğul olmaqla, meyvə satmaqla dolanır.
«Uzun müddət idi ki, polislər Tofiq Məmmədliyə küçədə xırda ticarətlə məşğul olmağa imkan vermirdi. Gəlib satdıqlarını dağıdırdılar, özünü polisə aparırlar. Amma bir çox başqa adamlar metro stansiyası yaxınlığında rahat ticarətlə məşğul olur. Tofiqə qarşı siyasi baxışlarına görə ayrıseçkilik edirlər», - partiyadan bildirilib.
Onun ayriseçkiliyə etiraz olaraq təkbaşına aksiya keçirdiyi vurğulanır.
AXCP-dən habelə bildirildiyinə görə, T.Məmmədov Yasamal rayon Polis İdarəsinə aparılıb.
Deyilənlərə Yasamal rayon Polis İdarəsindən münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə insanlara siyasi baxışlarına görə fərq qoyulması ilə bağlı söylənilənləri təkzib edirlər.
T.Məmmədov müxalifətin tədbirlərində sıx şəkildə iştirak edir. Onun bundan əvvəl də bir neçə dəfə saxlandığı açıqlanıb.
Onun bu gün, oktyabrın 11-də sosial şəbəkələrdə küçədə dayanıb, əlində üzərində «Paltarımı satıram 1 manata» sözləri yazılmış plakat tutduğunu göstərən şəkili də yayılıb.