Qəbələ Qızılbalıqartırma Zavodu özəlləşdi

Qızıl balıq

«D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu» Açıq Səhmdar Cəmiyyəti (ASC) özəlləşdirilib.

Bu barədə bu gün, oktyabrın 15-də Əmlak Məsələləri Dövlət Komitəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, özəlləşdirmə nəticəsində bu balıqartırma müəssisəsi yenidən qurulacaq.

Açıqlamaya görə, Komitə bu il iyulun 30-da «D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu» ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib.

Məlumatda daha sonra müsabiqə komissiyasının potensial iddiaçılar qarşısında qoyduğu maliyyə, iqtisadi, investisiya və sosial şərtlərdən bəhs edilir: «Əsas şərtlər müəssisəyə investisiya qoyuluşuna dair təkliflərin verilməsi, iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, istehsalda müasir texnologiyaların tətbiqi, ekoloji tarazlığın qorunmasıdır».

Komitə bildirir ki, təkliflərə baxıldıqdan sonra Komissiya üzvləri arasında açıq səsvermə yolu ilə «Azerbaijan Fish Farm» Məhdud Məsuliyyətli Cəmiyyəti «D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu» ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib: «Müsabiqə qalibi alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, dövlət büdcəsinə 1.2 milyon manat vəsaitin köçürülməsini təmin edəcək».

Eyni zamanda, ümumi həcmi 1.1 milyon manat təşkil edən İnvestisiya Proqramının icrası, müəssisənin əməkhaqqı, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) olan borclarının ödənilməsi və başqa sosial-iqtisadi, ekoloji öhdəliklərin yerinə yetirilməsini şirkət öz üzərinə götürüb.

Borc və öhdəliklərin məbləği isə açıqlanmayıb.

Xatırlatma

2016-cı il iyulun 19-da prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliyinin artırılması ilə bağlı fərman imzalayıb. Bundan sonra ölkədə özəlləşdirmənin növbəti mərhələsinə start verilib.

Dövlət əmlakının özəlləşdirilməsi haqda birinci qanun 1995-ci ildə qəbul edilib. 2000-ci il avqustun 10-da isə prezident «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın təsdiqi haqda fərman imzalayıb.

1996-2015-ci illərdə Azərbaycanda 47 minədək (Naxçıvan Muxtar Respublikası nəzərə alınmadan) kiçik dövlət müəssisəsi və obyektin özəlləşdirildiyi bildirilir. Son 3 ildə də bir sıra dövlət müəssisələri özəlləşdirilib.