16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan jurnalist Əfqan Muxtarlı sentyabrın əvvəlində tibbi müayinədən keçsə də, bunun nəticələri barəsində özünə məlumat verilmədiyi bildirilir.
Bu barədə AzadlıqRadiosuna danışan vəkil Nemət Kərimlinin sözlərinə görə, yayda Ə.Muxtarlı başgicəllənmədən şikayət edib: «Penitensiar Xidmətin Müalicə Müəssisəsinin həkimləri gəlib onu müayinə edib, gediblər. Lakin nəticələr nə özünə, nə də mənə açıqlanıb. Bəlkə Əfqanın ciddi xəstəliyi var?».
N.Kərimli həmçinin bildirib ki, Ə.Muxtarlı yüksək qan təzyiqindən və şəkərli diabetdən əziyyət çəkir.
«Turan» agentliyinin xəbərinə görə, Ədliyyə Nazirliyin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov isə onlara deyib ki, Ə.Muxtarlı hər hansı ciddi xəstəlikdən əziyyət çəkmir: «Vəziyyəti sabitdir və müayinənin nəticələri barədə Ə.Muxtarlının özünə məlumat verilib».
Xatırlatma
Ə.Muxtarlı 207-ci ildə həbs edilib. O, sərhədi qanunsuz keçməkdə, qaçaqmalçılıqda və başqa əməldə günahlandırılaraq 6 il həbs cəzası alıb.
2014-cü ildə Gürcüstana mühacirət edən jurnalist ittihamları qəbul etmir. O, Tbilisidə saxlanarkən işgəncəyə məruz qaldığını, zorla sərhəddən keçirildiyini açıqlayıb.
Gürcüstanın hökumət orqanları isə Ə.Muxtarlının həbsi məsələlərində iştiraklarını təkzib ediblər.
Beynəlxalq təşkilatlar Azərbaycan hökumətindən onun azadlığını istəyirlər.