İranın daha bir fransız tədqiqatçını saxladığı bildirilir

Adelkhah Fariba

Science-Po universitetinin aparıcı tədqiqatçısı Roland Marchal yaydan bəri Tehranda həbsdədir. Bu haqda Fransanın “Le Figaro” qəzti və “Reuters” agentliyi yazıblar.

Məlumat oktyabrın 16-da yayılıb və bu durum Fransa Prezidenti Emmanuel Macron-un ABŞ və İran arasında gərginliyi azaltmaq cəhdlərini mürəkkəbləşdirə bilər.

“Reuters” Fransanın xarici işlər nazirliyindən məsələyə münasibət ala bilməyib.

İyundan bəri İranda sözügedən fransalı tədqiqatçının həmkarı, ikili Fransa və İran vətəndaşlığı olan Fariba Adelkhah saxlanıb.

Tehran bu ayın əvvəlində bildirdi ki, 60 yaşlı antropoloqun saxlanması daxili məsələdir.

“Le Figaro” Marchal-a yaxın bir şəxsə istinadla tədqiqatçının standart həbsxanaya köçürüldüyünü, Fransa diplomatlarının onunla görüşdüyünü yazır.

ABŞ Prezidenti Donald Trump ötən ilin mayında İranla 2015-ci il nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib. Macron isə iki ölkə arasında gərginliyi yumşaltmağa çalışır.