Müsavatçıya 15 sutka verildiyi bildirilir

Çevik Polis Alayı

Oktyabrın 18-də Müsavat Partiyasının rayon təşkilatlarının üzvələri arasında saxlanların olduğu, onlardan bəzilərinin sonradan buraxıldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyası Mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli məlumat verib. Onun sözlərinə görə, oktyabrın 18-də saxlananlardan partiyanın Kürdəmir rayon təşkilatının sədri Baha Mikayılova 15 sutka inzibati həbs cəzası verilib:

“Rayon Məhkəməsi B.Milkayılovu polisə müqavimətdə təqslirli bilib. Bundan əlavə Kürdəmirdə daha iki nəfər müsavatçı saxlanıb, hələ də polisdədirlər, azad olunmayıblar”.

Amma bu deyilənləri Kürdəmir Rayon Polis Şöbəsi və yerli məhkəmədən dəqiqləşdirmək mümkün olmayıb.

M.Hacıbəylinin deməsinə görə, Siyəzən, Masallı rayonları və Mingəçevir şəhərində də bəzi müsavatçıları polisə aparıblar.Onun deməsinə görə, həmin şəxslərdən bəziləri, hələ də buraxılmayıb.M.Hacıbəylinin vurğulamasına görə, sərbəst buraxılanlara Milli Şuranın mitinqində iştirak etməmək haqqında xəbərdarlıq verilib.
Amma bu deyilənlərə də, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Rəsmilər bir qayda olaraq ölkədə bütün fundamental azadlıqların qorunduğunu vurğulayırlar.

***

Müsavatçı sədrin də saxlandığı deyilir

Müsavat Partiyası Kürdəmir təşkilatının sədri Baha Mikayilovun Bakıya gələrkən saxlandığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli deyib. Onun sözlərinə görə, B.Mikayılov avtobusdan düşürülərək Kürdəmir rayon Polis Şöbəsinə aparılıb: «Hal-hazırda da polis şöbəsindədir. Telefonuna zəng çatmır. Hesab edirik ki, B.Mikayılovun Bakıya gəlməsinə maneçilik törədilməsi Milli Şuranın oktyabrın 19-na təyin etdiyi mitinqi ilə bağlıdır».

Amma bu deyilənlərə, hələlik, Kürdəmir rayon Polis Şöbəsindən münasibət almaq mümkün olmayıb .

+++

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bəzi fəallarının rayonlarda da polisə aparıldığı bildirilir. Onlardan birinin də AXCP İmişli rayon şöbəsinin sədri Əli Qasımlının olduğu deyilir.

Bu məlumatı Ə.Qasımlının ailəsindən də təsdiq ediblər. Onların deməsinə görə, oktyabrın 17-də polislər evlərinə gələrək Ə.Qasımlını aparıblar. Ailənin vurğulamasına görə, o, hələ də sərbəst buraxılmayıb. «Amma onun hakim önünə çıxarılıb-çıxarılmadığı bəlli deyil», - Ə.Qasımlının yaxınları vurğulayıb.

Amma bu deyilənləri İmişli rayon Polis Şöbəsi və Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb. Üstəlik, nazirlikdən bir çox cəbhəçilərin polisə çağırılması haqqında deyilənlərə münasibət almaq cəhdləri də nəticə verməyib.

Mitinqlə bağlı həbslərin olduğu deyilir

«Mitinqin təşkilat komitəsinin üzvləri hədəfdədir».

Bunu AzadlıqRadiosuna Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli deyib. Onun sözlərinə görə, komitənin bəzi üzvləri həbs olunub, bəzilərini isə polis axtarır: «Sıravi üzvlərlə isə bağlı heç bir problem yoxdur».

Ə.Kərimli əlavə edib ki, mitinq gerçəkləşəndən sonra həbs olunanların siyahısı ictimaiyyətə açıqlanacaq.

«Turan» agentliyinin xəbərinə görə, Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi Elşad Hacıyev isə mitinq təşkilatçılarının bəzilərinin həbsi ilə bağlı məlumata malik olmadığını söyləyib.

Öz növbəsində, Daxili İşlər Nazirliyi (DİN)Baş Prokurorluq mitinqlə bağlı xəbərdarlıq yayıb. Xəbərdarlıqda qeyd edilib ki, son günlər sosial şəbəkələr üzərindən oktyabrın 19-da «Sərbəst toplaşma azadlığı haqqında» Qanununun tələblərinə zidd olaraq Bakıda qanunsuz aksiya keçirilməsinə çağırışlar edilib: «Milli Şuranın oktyabrın 19-da… mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən baxılıb…».

DİN və Baş Prokurorluq qeyd edib ki, icra hakimiyyəti mitinqin Lökbatan qəsəbəsində keçirilməsini təklif edib: «Lakin buna baxmayaraq, təşkilatçılar həmin vaxtda qanunla qadağan edilmiş yerdə,…aksiya keçirəcəkləri barədə məlumatlar paylaşıblar».

Qurumlar vurğulayıb ki, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan yerdə aksiyanın keçirilməsinə imkan verilməyəcək: «…Hüquq-mühafizə orqanları tərəfindən qanunsuz əməllərin qarşısı qətiyyətlə alınacaq və qanunun tələblərini pozan şəxslər barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək».

Milli Şura rəhbərliyi isə hesab edir ki, Bakı şəhər İcra Hakimiyyətinin onların mitinq üçün təklif etdikləri yerlərdən heç birini məqbul saymaması insanlara Konstitusiya ilə verilən sərbəst toplaşmaq azadlığı hüququnun pozulmasıdır.

Qurumdan bildirilib ki, onlar Lökbatan qəsəbəsində mitinq keçirmək niyyətində deyirlər.

Mitinq təşkilatçıları polisə çağırılıb

Bu gün, oktyabrın 17-də Milli Şuranın mitinq komitənin üzvləri Tofiq Yaqublu, Eldəniz Quliyev, İbrahim İbrahimli və Vahid Məhərrəmlinin Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırıldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna məlumat verən T.Yaqublunun sözlərinə görə, mitinq komitənin üzvlərinə xəbərdarlıq edilib. «Bizə bildirdilər ki, razılaşdırılmamış aksiyanın qarşısı alınacaq, təşkilatçılar isə məsuliyyətə cəlb olunacaq».

Bu məlumatı, hələlik, BŞBPİ-dən dəqiqləşdirmək mümkün olmayıb.

BŞİH Milli Şuranın müraciətinə cavab verib

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın oktyabrın 19-na təyin etdiyi mitinq ilə bağlı müraciətinə cavab verib.

Bu barədə AzadlıqRadiosuna aksiyanın təşkilatçıları bildiriblər.

Təşkilatçıların verdiyi məlumata görə, BŞİH, bundan əvvəlki aksiyalarında olduğu kimi, yenidən mitinqin Bakının mərkəzindən kənar Lökbatan qəsəbəsində keçirilməsinə razılıq verib. Halbuki, Milli Şuranın BŞİH-ə müraciətində aksiyanın yeri kimi Bakının mərkəzi əraziləri təklif edilmişdi.

Milli Şura bundan əvvəl sentyabrın 28-nə mitinq təyin etmişdi. Amma BŞİH təklif edilən yerlərdə yox, şəhərdən kənarda-Lökbatan qəsəbəsində aksiyanın keçirilməsinə razılıq verdiyindən bundan imtina etmişdi.

Daha sonra oktyabrın 8-də BŞİH qarşısında razılaşdırılmış qaydada sərbəst toplaşma azadlığı tələbi ilə piket keçirən Milli Şura orada növbəti mitinq haqqında qərar vermişdi.

Aksiyanın təşkilatçıları da sonra bəyan etmişdilər ki, əgər BŞİH onları yenidən Lökbatana göndərmək istəsə, bundan imtina edib lazım bildikləri məkanda aksiya keçirəcəklər.

Bakı şəhər Baş Polis İdarəsi də bəyan etmişdi ki, icazəsiz aksiyanın qarşısı alınacaq.

Milli Şuranın aksiyalarda tələbləri isə dəyişməz qalır. Təşkilatçıların bildirməsinə görə, bura siyasi məhbuslara azadlıq, uşaqlara aylıq müavinətin verilməsi, qaz və elektrikin əvvəlki qiymətlərlə satılması kimi tələblər daxildir.

Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar siyasi məhbus sayılan şəxslərin məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb edildiklərini vurğulayırlar.

Bəzi hakimiyyət rəsmiləri də habelə qeyd edirlər ki, ünvanlı sosial yardımlarla birgə uşaqlara aylıq müavinətin verilməsi düzgün olmaz. Azərbaycanda uşaqlara aylıq müavinətin ödənilməsi 2006-cı il yanvarın 1-dən ünvanlı sosial yardımların verilməsi ilə dayandırılıb.

2016-cı ilin noyabrında isə Azərbaycanda qaz və elektrikin qiyməti qaldırılıb. Amma qaz və elektrikin satış qiymətində müəyyən limit də tətbiq edilib. Həmin vaxtdan enerjidaşıyıcılar müəyyən limit çərçivəsində əvvəlki qiymətə satılır.