London məhkəməsində Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbaevin nəvəsinə 18 aylıq şərti cəza verilib. O polis çavuşunu dişləməkdə ittiham olunur.
Londondakı Sausuork Məhkəməsinin oktyabrın 18-də elan edilmiş hökmündə bu da qeyd olunur ki, 29 yaşlı Aisultan Nazarbayev narkomaniyadan müalicəsini davam etdirilməli, 140 saat müddətində ictimai icma işləri görməli, 1000 funt sterlinq (1285 dollar) cərimə və 5 min funt sterlinq (6420 dolar) təzminat ödəməlidir.
Məhkəmə sənədlərindən məlum olur ki, Aisultan Nazarbayev iyunun 5-də Londonun mərkəzindəki Kovent Qarden parkındakı evlərdən birinin balkonunda çığırırmış.
Müstəntiqlər ehtimal edirlər ki, o Kseniya Shevelyova adlı qadının balkonuna soxulub. Shevelyova bu adamı tanımadığında israr edir.
Bu da qeyd olunur ki, Aisultan Nazarbayev Shevelyova-nın balkonundakı və mənzilindəki mebellərə ziyan vurub.
Daha sonra o binanın damına dırmaşaraq oradan başqa bir qadının balkonuna girib. Polisə də həmin qadın zəng edib.
Polis çavuşu Ross Sambrook qadının mənzilinə girməyə çalışan Nazarbayevi dayandırmaq istəsə də o polisin əmrlərinə tabe olmayıb və onun əlini dişləyib.
Məhkəmədə bildirilib ki, polisin əlindəki dərin dişlək yarasından qan fışqırırmış.
Buna da bax: Nazarbaev-in nəvəsi vitse-prezident oldu
Bu hadisədən iki gün əvvəl Aisultan Nazarbayev International Park Plaza otelindəki balkonlardan birinə çıxmış və özünü aşağı atacağı ilə hədələmişdi.
Nursultan Nazarbaev Qazaxıstana 1989-cu ildən bəri prezidentlik etdikdən sonra bu ilin martında istefa verib.
Buna baxmayaraq o hakim partiyanın liderliyində qalır və “xalqın başçısı” titulunu daşıyır. Bu ona gələcəkdə hər hansı mühakimədən immunitet verir.
O habelə qüdrətli Milli Təhlükəsizlik Şurasının sədridir.
Aisultan Nazarbayevə gəlincə isə o, 2017-ci ildə ölkə futbol federasiyasının vise-prezidenti idi.