HRW hakimiyyəti saxlananları buraxmağa çağırır

Bakıda 20 oktyabr aksiyası

Human Rights Watch insan haqları təşkilatı oktyabrın 19 və 20-də Bakının mərkəzində iki dinc aksiyanı polisin zorakılıqla dağıtmasını pisləyib. Qurum bəyanatında polisin onlarla dinc müxalifət və dinc fəalı saxladığını, onları kobudluqla avtobuslara, polis maşınlarına doldurduğunu bildirib.

“Azərbaycan hökuməti bir daha adamların dinc etirazlar keçirmək hüququna sayqısızlıq göstərdi. Hakimiyyət saxlanan etirazçıları dərhal buraxmalı, hüquq-mühafizə əməkdaşlarının pis rəftarına dair iddiaları araşdırmalıdır”, – qurumun Avropa və Orta Asiya üzrə direktoru Giorgi Gogia deyib.

Demokratik Qüvvələrin Milli Şurası oktyabrın 19-da, qadın hüquqları fəalları isə bir gün sonra şəhərin mərkəzinə aksiya keçirməyə cəhd göstəriblər. Hakimiyyət onların şəhər mərkəzində aksiya keçirmək müraciətini rədd etmişdi.

Polis 60 nəfərin saxlandığını, onlardan 42-nin xəbərdarlıqla buraxıldığını, 18-nin işinin isə məhkəmələrə göndərildiyini bildirib. 19 oktyabr yürüşü öncəsi isə müxalifət partiyalarının azı 10 aparıcı üzvü saxlanıb.

Avropa Birliyi, Avropa Şurasının insan haqları komissarı, ABŞ-ın Azərbaycandakı səfirliyi də hakimiyyəti saxlananları buraxmağa, polisin davranışı ilə bağlı təhqiqat aparmağa çağırıb.

Hakimiyyət təmsilçiləri isə iradları rədd edir, polisin aksiyalar zamanı təmkinlə davrandığını deyir, bir qrup insanın sərbəst toplaşma azadlığının digərlərinin hüquqlarının pozulması hesabına təmin edilməli olmadığını vurğulayır.