Türkiyə Prezidenti Recep Tayyip Erdogan-ın ambisiyaları Suriyada öz sərhədi boyunca böyük əraziyə nəzarətlə bitib-tükənmir, o, “nüvə bombası istəyir” Bu haqda “The New York Times” qəzetində David E. Sanger və William J. Broad yazırlar.
“Bəzi ölkələrin nüvə başlıqlı raketləri var. Qərb bizim bunu əldə edə bilməyəcəyimizdə israrlıdır. Bunu qəbul edə bilmirəm”, – Erdogan hələ sentyabrda hakim partiyanın qurultayında deyirdi.
Hazırda Türkiyə Suriyanın şimal-şərqində kürd qüvvələrə qarşı əməliyyat aparır, orada təhlükəsiz zona yaradaraq suriyalı qaçqınların bir hissəsini yerləşdirmək istəyir.
“Birləşmiş Ştatlar Türkiyə liderinin kürd müttəfiqlərə qarşı əməliyyatını önləyə bilmədisə, onun nüvə silahı hazırlamasının, yaxud İranın yoluyla gedərək bunu etmək üçün texnologiya yığmasının qarşısını ala bilərmi?” – müəlliflər sual edir.
Buna da bax: Türklər AB-yə niyə pis baxırlar“Türklər illərdir deyirlər ki, İranın yoluyla gedəcəklər. Bu dəfə isə fərqlidir. Erdogan sadəcə Amerikanın regiondan çıxmasını asanlaşdırdı”, – ABŞ Müdafiə nazirinin keçmiş müavini John J. Hamre qəzetə deyib. Ekspertin fikrincə, ola da bilsin, Erdogan İran kimi özünü elə göstərməyə çalışır ki, silahı istənilən an əldə edə bilər.
“Risklər böyükdür”
Ekspertlər onu da qeyd edirlər ki, Erdogan-ın silahı gizlicə hazırlaması şübhəli görünür. Bu yöndə istənilən açıq addım isə yeni böhrana səbəb olar. Bu halda Türkiyə NATO-nun sazişi pozan, özünü nüvə silahı ilə təchiz edən ilk üzvünə çevrilər.
Məqalədə Türkiyənin nüvə bombası proqramının komponentlərinə malik olduğu vurğulanır. Uran depozitləri, tədqiqat reaktorları və nüvə dünyasının ən məşhur spekulyantı olan pakistanlı alim Abdul Qadeer Khan-la əlaqələri var. Rusiyanın köməyilə Türkiyədə elektrik istehsal etmək üçün böyük enerji reaktoru da tikilməkdədir.
Buna da bax: Ancaq yeməyə və geyimə pul çatdıran rusiyalıların sayı artır“Bu, narahatlıq yaratmalıdır, çünki Erdogan nüvə tullantıları ilə neyləyəcəyini açıqlamayıb. Bu tullantılar silah üçün yanacaq rolunu oynaya bilər. İrandakı Buşehr reaktorunu da Rusiyanın tikdiyi nəzərə alınmalıdır.
Ekspertlərin fikrincə, Türkiyənin nüvə silahı əldə etməsi illər çəkə bilər, əlbəttə ki, onu almasa. Bu halda Erdogan üçün risklər də çox böyükdür”, – müəlliflər yazır.
Kaliforniyadan Türkiyə üzrə ekspert Jessica C. Varnum qəzetə deyib ki, Erdogan nüvə ritorikası ilə yerli antiamerikan auditoriyaya oynayır, ancaq onun nüvə silahı əldə etməyə çalışması real görünmür. “Çünki bu, Türkiyə üçün nəhəng iqtisadi və nüfuz bədəli ilə sonuclana, Erdogan-ın seçicilərinin cibinə ziyan vura bilər”, – o vurğulayıb.
ABŞ Prezidenti Donald Trump ötən ilin mayında İranla 2015-ci il nüvə sazişindən çıxıb, Tehrana sanksiyaları bərpa edib. Bu il İran da saziş çərçivəsində öhdəliklərini azaltmağa başladığını açıqlayıb.