İraqda etirazlarda 157 nəfər öldürülüb

Bağdadda etirazlar, 3 oktyabr, 2019-cu il

Bağdadda və İraqın digər şəhərlərində hökumətə qarşı son etiraz aksiyalarında 157 nəfər öldürülüb. Bu haqda rəsmi istintaqın nəticələri açıqlanıb.

Etirazlarda zorakılığı araşdıran komitə oktyabrın 22-də nəticələri açıqlayıb. Məlumata görə, kütləvi etirazlarda 149 dinc sakin və 8 təhlükəsizlik əməkdaşı həlak olub. Onlardan 111 nəfəri paytaxtda öldürülüb.

Nümayişçilər oktyabrın 1-dən küçələrə çıxaraq işsizliyə, dövlət xidmətlərinin zəifliyinə, korrupsiyanın geniş yayılmasına etiraz ediblər. Bu, İslam Dövləti qruplaşması 2017-ci ildə məğlub ediləndən ölkədə ən böyük zorakılıq baş verən hadisə sayılır.

Ölənlərin çoxunun “başından, yaxud sinəsindən” güllə yarası aldığı bildirilib.

Komitə bildirir ki, Bağdadın mərkəzində bir binanın damından etirazçıların snayper atəşilə hədəfə alınmasına da dəlil var.

Təhqiqat komitəsi iğtişaşların yatırdılmasına cavabdeh Bağdad əməliyyatlar komandirinin və onlarla təhlükəsizlik zabitinin işdən çıxarılmasını tövsiyə edib.

“Zabit və komandirlər etirazlar vaxtı qüvvələrə nəzarəti itiriblər və bu da qarışıqlıq yaradıb”, – məlumatda vurğulanır.

İraqda oktyabrın 25-nə hökumətə qarşı yeni etirazlar planlaşdırılır.