Oktyabrın 23-də Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə Venesuela təmsilçisi Xorxe Arreasa qurumda sədrliyi Azərbaycana verib.
Azərbaycan 2019-2022-ci illərdə bu quruma sədrlik edəcək.
Azərbaycan xarici işlər naziri E.Məmmədyarov bildirib ki, ölkəsi təşkilatın inkişaf etməsi və üzv ölkələr arasında əlaqələrin daha da güclənməsi üçün zəruri olan fəaliyyəti həyata keçirəcək.
+++
Oktyabrın 23-də Bakıda Qoşulmama Hərəkatının nazirlər görüşü işə başlayıb.
AZƏRTAC-ın xəbərinə görə, tədbirdə çıxış edən Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatının beynəlxalq sülhə verdiyi mühüm töhfələrdən danışıb. Bildirib ki, Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür.
Nazir vurğulayıb ki, Azərbaycan sosial ədalətə söykənən siyasət həyata keçirir. E.Məmmədyarovun vurğulamasına görə, Azərbaycan ilk dəfə olaraq Qoşulmama Hərəkatının Gənclər Forumunun keçirilməsi təklifini irəli sürüb. O qeyd edib ki, enerji təhlükəsizliyi, ətraf mühit və digər sahələrdə əməkdaşlıq daha da gücləndirilməlidir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsinə toxunan E.Məmmədyarov deyib ki, münaqişə regional sülhə böyük təhlükə yaradır.
Oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatının XVII sammiti keçirilməlidir.
Sammit zamanı təşkilata sədrlik üç il müddətində Azərbaycana keçəcək.
Xatırlatma
Bu qurumu hərbi ittifaqlara qoşulmayan dövlətlər 1961-ci ildə Belqradda təsis ediblər. Dövlətlərin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə hörmət, daxili işlərinə qarışmama Hərəkatın əsas prinsipləridir.
Son 25 il ərzində Hərəkata üzv dövlətlərin sayı 99-dan 120-yə yüksəlib. Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə üzv olub.
Azərbaycan 2019-2022-ci ildə Qoşulmama Hərəkatına ev sahibliyi edəcək.
Ötən il, yanvarın 10-u Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatına üzv dövlətlərin Azərbaycanın ali təhsil müəssisələrində oxuyan vətəndaşlarına təhsil qrantı verilməsi barədə sərəncam imzalayıb. Layihə 100 tələbəni əhatə edir.